Azərbaycanın Xarici İşlər naziri - sərhədlərin beynəlxalq hüquq normalarına uyğun müəyyənləşdirilməsinin vaxtı çatıb
Azərbaycanın Xarici İşlər naziri - sərhədlərin beynəlxalq hüquq normalarına uyğun müəyyənləşdirilməsinin vaxtı çatıb

Beynəlxalq hüquq normalarına uyğun sərhədlərin müəyyənləşdirilməsinin vaxtı çatıb, – Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Hər iki dövlətin (Azərbaycan və Ermənistan) müstəqillik əldə etməsindən 30 il keçir. İllərdir iki ölkə arasında sərhədlərin müəyyən edilməməsi anormaldır. Səbəblər bəllidir – Ermənistanın uzun illər apardığı işğalçılıq siyasəti. Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını azad etdi, bununla da beynəlxalq sərhədlərini bərpa etdi. Bu, yeni imkanlar yaratdı. İndi sərhədlərin beynəlxalq hüquq normalarına uyğun müəyyənləşdirilməsinin vaxtıdır”, – deyə Bayramov bildirib.

Onun sözlərinə görə, bu məsələnin həlli üçün Azərbaycan və Ermənistan arasında birgə komissiya yaradılmalı və bu proses beynəlxalq sərhədlərə hörmət əsasında başlanmalıdır ki, bu da gərginliyi azaldacaq.

“Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə, qonşularına hörmətlə yanaşsa, sərhədləri tanısa, qonşu ölkələrin torpaqlarına iddia etməsə, problem bir o qədər tez həll olunacaq. XXI əsrdə belə siyasət yürütmək heç bir dövlətə sərf etməyəcək. Onların 30 illik işğal siyasətinə nəzər salsanız, bunun Ermənistan hökuməti və xalqı üçün nə qədər ağır nəticələrə səbəb olduğunu görərsiniz. Biz inanırıq ki, onlar bu məsələdən düzgün nəticə çıxaracaq və daha məntiqli hərəkət edəcəklər”, – Bayramov bildirib.