Azərbaycanın xarici işlər naziri İlia Darçiaşvilini telefon danışığı zamanı yenidən nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib
2024-cü ilin fevralın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın yeni təyin olunmuş xarici işlər naziri İlia Darçiaşvili arasında telefon danışığı baş tutub-bu haqda məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi yayır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda, Ceyhun Bayramovun həmkarını Gürcüstanın yeni hökumətində yenidən xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdiyi və ona şərəfli vəzifəsində uğurlar arzuladığı deyilir.
“Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar”- deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.