Azərbaycanın Baş naziri - Gürcüstan-Azərbaycan arasında münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb, əlaqələrimiz bütün sahələrdə inkişaf edir
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfərinin Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
O, Gürcüstan-Azərbaycan arasında münasibətlərin bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və iki ölkənin əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini bildirib.
“Azərbaycan nümayəndə heyəti adından və şəxsən öz adımdan səmimi qəbul üçün sizə təşəkkür etmək istərdim. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ən xoş arzularını və salamlarını Sizə çatdıracağam. Dost ölkədə rəsmi səfərdə olmaqdan şadam. Biz bu səfərə böyük əhəmiyyət veririk. İnanıram ki, səfər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə töhfə verəcək. Hökumətlərarası komissiyanın iclası əlaqələrimizin daha da inkişaf etdirilməsi yollarını və əməkdaşlıq sahələrimizin genişləndirilməsini, eləcə də Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi vacib meqalayihələri müzakirə etmək üçün yaxşı fürsətdir. Bunu müzakirə etmək imkanımız olacaq. Sizin də qeyd etdiyiniz kimi, cari ilin noyabrın 18-də biz Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik, lakin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi xalqlarımızın və millətlərimizin tarixi qədər qədimdir. Xalqlarımızı çoxəsrlik mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq münasibətləri birləşdirir. Ölkələrimiz arasında münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İstər siyasət, istər iqtisadiyyat, istər enerji, istər nəqliyyat, istər mədəniyyət, təhsil, hərbi və digər sahələrdə əlaqələrimiz bütün sahələrdə inkişaf edir. Biz bu sahələrin inkişafında bir-birimizi dəstəkləyirik və əlaqələrimiz bütün sahələrdə inkişaf edir. İnanıram ki, bu gün sizin iştirakınızla imzalanmış sənədlər bu prosesləri daha da sürətləndirəcək” – deyə Azərbaycanın Baş naziri açıqlayıb.
Əli Əsədov Azərbaycan və Gürcüstanın beynəlxalq münasibətlər səviyyəsində hər zaman bir-birini dəstəklədiyini bildirib.
“Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, cənab Baş nazir, iqtisadi əlaqələr uğurla inkişaf edir. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, bu il ticarət dövriyyəmiz üç faiz artıb. Təbii ki, cari pandemiya və qlobal iqtisadiyyatın qarşısında duran çağırışlar fonunda bu artım özlüyündə onu göstərir ki, ölkələrimiz arasında daha da böyük potensial var və biz bu əlaqələri daha da inkişaf etdirə biləcəyik. Cənab Baş nazir, hörmətli komissiya üzvləri, inanıram ki, Gürcüstan və Azərbaycan arasında ikitərəfli hökumətlərarası komissiya iqtisadi inkişafımızı və dinamik inkişafımızı təşviq edəcək”- deyə Azərbaycanın Baş naziri açıqlayıb.