Azərbaycan prezidentinin köməkçisi - Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verəcək
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sülhün bərqərar olmasına öz töhfəsini verəcək. Azərbaycanın “Trend” agentliyinin yazdığına görə, bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Hacıyev prezident İlham Əliyevin egidiyası ilə “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” ilə bağlı Bakıda keçirilən qlobal forumda çıxış edib.
“Daha münaqişə yoxdur. Azərbaycan nəqliyyat infrastrukturunun, o cümlədən Zəngəzur dəhlizinin yaradılması üzərində işləyir. Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü ilə çıxış edib. Biz sülh sazişi imzalamağa hazırıq. Beynəlxalq təcrübədə buna rast gəlinir, məsələn, Almaniya ilə Fransa arasında bağlanmış sülh müqaviləsi bu qəbildəndir. Sülh sazişinin imzalanması regionda sülhün bərqərar olmasına töhfə verəcək”-deyə Azərbaycan prezidentinin köməkçisi bildirib.
Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını bildirib. Bu barədə Ermənistanın “News Ami” nəşri yazır.
“Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. Gücdən istifadə nəinki onu həll etməyəcək, həm də Dağlıq Qarabağ münaqişəsini beynəlxalq gündəmdən çıxarmayacaq”, – deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaqan Unanyan bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə “tərəflərə məlum olan prinsiplər və elementlər, o cümlədən xalqların öz müqəddəratını təyin etmə hüququ əsasında” sülh danışıqları yolu ilə həll edilə bilər.