Azərbaycan nümayəndə heyəti 16 saylı Cəzaçəkmə Müəssisəsindəki infrastruktur və məhkumların yaşayış şəraiti ilə tanış olub
Gürcüstanda səfərdə olan Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyətinin üzvləri ilə birlikdə 16 saylı aşağı risk və buraxılışa hazırlıq müəssisəsində olub.
Penitensiar xidmətin məlumatında bildirilir ki, qonaqlar müəssisənin infrastrukturu, resosializasiya-reabilitasiya məqsədilə tətbiq edilən proqramlarla tanış olublar. Qonaqlar müəssisədə fəaliyyət göstərən “Rəqəmsal Universitet” çərçivəsində ayrılmış tədris məkanı, idman salonu, kitabxana daxil olmaqla tədris auditoriyalarına, müəssisə ərazisindəki çörək sexinə baş çəkiblər.
“Nümayəndə heyətinin üzvləri müəssisənin ərazisində yerləşən, məhkumların işlə təmin olunduğu dərzixana, ağac və dəri sexlərində də olublar.
Azərbaycanın ədliyyə naziri müəssisədəki məhkumlarla, o cümlədən azərbaycanlı məhbusla şəxsən söhbət edib.
Xüsusi Penitensiar Xidmətin rəhbərinin müavini Qiorqi Qiorqadze və idarənin nümayəndələri Azərbaycan nümayəndə heyətinin üzvləri ilə birlikdə 16 saylı cəzaçəkmə müəssisəsində olublar” – deyə penitensiar xidmətdə bildirilib.