Azərbaycan Fransa prezidentliyinə namizədlərdən birinin Qarabağa gəlməsi ilə bağlı Fransa tərəfinə etiraz notası göndərib
Azərbaycan Fransa prezidentliyinə namizədlərdən birinin Qarabağa gəlməsi ilə bağlı Fransa tərəfinə etiraz notası göndərib

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirliyinin müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib. Etiraz notasının göndərilməsinə səbəb Paris regionunun İl-de-France regional şurasının sədri, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Valensiya Pekresin Xankəndi şəhərinə səfəri olub.

Etiraz notasında Fransa siyasətçilərinin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində səfərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəldiyi və milli qanunvericiliyin pozulması olduğu bildirilir.

Notada qeyd edilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransa tərəfini məlumatlandırıb ki, fransalı siyasətçilərin bu addımı Azərbaycan-Fransa münasibətlərinə xələl gətirib və Fransanın nüfuzuna və onun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola zərbə vurub.

Fransalı siyasətçinin Qarabağa səfəri ilə bağlı məlumatı fransız jurnalist Julien Nen sosial şəbəkədə yayıb. Nenin məlumatına görə, Pekresin Qarabağda yerli siyasətçilərlə görüşü keçirilib və bu görüş təhlükəsizlik səbəbi ilə Fransa mediasında işıqlandırılmayıb.