Azərbaycan Xarici İşlər Nazirliyi – İsrail hökumətinin “erməni soyqırımı”nın tanınması ilə bağlı ciddi narahatlıq ifadə edirik, belə addımlar barışıq və qarşılıqlı anlaşmaya xidmət etmir
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ciddi narahatlığını ifadə edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilib.
Qurumun açıqlamasında qeyd olunub ki, “1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi və mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan məhrum siyasi qərarların predmeti halına gətirilməsi qəbuledilməzdir”.
“Belə addımlar barışıq və qarşılıqlı anlaşmaya xidmət etmir. Əksinə, mövcud ziddiyyətləri daha da kəskinləşdirir və regionda davamlı sülhün, barışığın bərqərar olunmasına yönəlmiş səylərə mane olur. İsrail hökumətini bu qərara yenidən baxmağa çağırırıq. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmət edərək tarixi həqiqətləri ardıcıl şəkildə müdafiə etməyə və regionda dayanıqlı sülhün bərqərar olunmasına töhfə verməyə davam edəcək”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, İsrailin xarici işlər naziri Gideon Saarın açıqlamasına görə, İsrail hökuməti “erməni soyqırımı”nın rəsmi tanınmasını yekdilliklə dəstəkləyib. Məsələ Knessetin plenar iclasının gündəliyinə daxil ediləcək və səsverməyə çıxarılacaq.