AYİB-in birinci vitse-prezidenti Yurqen Riqterink Gürcüstana səfər edəcək
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti və müştərilərə xidmət qrupunun rəhbəri Yurqen Riqterinkin Qafqaza bir həftəlik səfəri bu gün başlayacaq. Riqterink əvvəlcə Ermənistana, daha sonra Gürcüstana və Azərbaycana səfər edəcək.
AYİB-in mətbuat xidmətindən verilmiş məlumatda bildirilir ki, birinci vitse-prezident Riqterink Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Mateo Patrone ilə birlikdə hökumət nümayəndələri, Mərkəzi Bankın rəhbərləri, biznes liderləri və hər bir ölkədə beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək. O, həmçinin AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen və onun varisi Alkis Vrenios Drakinos arasında səlahiyyətlərin təhvil-təslimində iştirak edəcək.
Ermənistanda birinci vitse-prezident özəl sektorun daha da inkişafı üçün yerli tərəfdaş bankla kredit xətti imzalayacaq. Gürcüstanda Riqterink kiçik və orta sahibkarlığa dəstək öhdəliyi çərçivəsində AYİB-in əsas tərəfdaş banklarından biri ilə proqramın başlandığını elan edəcək. O, Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən və qida sənayesi sahəsində kvalifikasiyanın artırılması məqsədi daşıyan texniki və peşə təhsili və təlimi üzrə dövlət-özəl tərəfdaşlığının başlanmasında iştirak edəcək.
“Bu səfər, xüsusilə Rusiyanın Ukrayna ilə müharibəsi və artan iqtisadi qeyri-müəyyənlik nəzərə alınmaqla regiondakı prioritetləri müzakirə etmək üçün hökumət rəsmiləri və işgüzar dairələrin üzvləri ilə görüşmək imkanıdır. Qafqaz Bank üçün mühüm regiondur və biz investisiyalar, konsultasiya xidmətləri və siyasətin işlənib hazırlanmasında iştirak yoluyla regionun davamlı iqtisadi inkişafına davamlı dəstək verməyə hazırıq”-deyə Riqterink səfərdən əvvəl bildirib.
Avropa Yenidənqurma və İnkişaf Bankında qeyd edilir ki, AYİB regiona həm özəl, həm də dövlət sektorunda 680 layihəyə on milyard avrodan çox sərmayə qoyub.