Avtomobil Yolları Şöbəsi- Kaxeti bölgəsində 60 km-dək yolun bərpası başa çatıb
Avtomobil Yolları Şöbəsi- Kaxeti bölgəsində 60 km-dək yolun bərpası başa çatıb

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Şöbəsinin sədri Qiorqi Tsereteli və onun müavini Pavle Qamğrelidze Kaxeti bölgəsində başa çatdırılmış və davam edən reabilitasiya layihələri ilə yerindəcə tanış olub. Məlumatı Avtomobil Yolları Şöbəsi yayır.

İdarədən verilən məlumatda 2022-ci ildə Kaxeti bölgəsində magistral yollarının tikintisi ilə yanaşı, ümumi dəyəri 140 milyon lariyədək olan 26 layihənin aparıldığı, onlardan səkkiz layihənin başa çatdığı deyilir.

“Ümumilikdə 60 km-dək avtomobil yolu yenidən qurulmuş, bir körpü bərpa edilmiş və bir sahil bərkitmə layihəsi (1,2 km) həyata keçirilmişdi.

Sözügedən layihələr çərçivəsində Qumbati-Xirsa-Enamta-Samtatsğaro-Sabatlo yolunun 26 km-lik hissəsi, Tianeti-Axmeta birləşdirici yolu, Tianeti-Axmeta-Ğvareli-Niniqori yolunun 11 km-lik hissəsi , Zemo Xodaşeni-Alaverdi birləşdirici yolun 12 km-ə qədər hissəsi, Pşaveli-Abano-Omalo yolunun yol hərəkətinin təhlükəsizliyinin yaxşılaşdırılması kimi vacib layihələr həyata keçirilib.

Bəhsi keçən layihələr Kaxeti bölgəsinin turizm potensialını artıracaq, iqtisadiyyatın daha da inkişafına töhfə verəcək, yerli əhali müasir standartlarla təchiz olunmuş təhlükəsiz və rahat yollardan istifadə edə biləcək” – deyə idarənin məlumatında deyilir.