Avtomobil Yolları İdarəsində Rikoti tunel yolunda yamacın kompleks təhqiqatının davam etdiyini, bu başa çatdıqdan sonra da nəqliyyatın hərəkətinin bərpası imkanlarını qiymətləndirəcəklərini açıqlayırlar
Avtomobil Yolları İdarəsinin sədri Q.Tsereteli Rikoti tunel yolunda sürüşmə sahəsinin öyrənilməsi məqsədilə mütəxəssislər tərəfindən yamacın kompleks şəkildə təhqiqatının davam etdiyini bildirir.
Qiorqi Tseretelinin Regional İnkişaf və İnfrastruktur Nazirliyində keçirilən brifinqdə qeyd etdiyi kimi, təhqiqatlar başa çatdıqdan sonra nəqliyyatın hərəkətinin bərpası imkanları qiymətləndiriləcək.
“Martın 30-dan etibarən Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu km-də mövcud yoldan təxminən 200 metr aralıda yamacda sürüşmə prosesləri əmələ gəldiyindən Rikoti hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Belə ki, qar əridikdən sonra ətraf ərazilərə baxış nəticəsində mümkün sürüşmə təhlükəsi mənasına gələn böyümə və hərəkət tendensiyası göstərən çatlar aşkar edilib. Mütəxəssislərlə məsləhətləşdikdən sonra potensial risklər nəzərə alınaraq və istənilən təhlükənin qarşısını almaq məqsədilə, nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Sürüşmə sahəsinin öyrənilməsi üçün həm yerli, həm də beynəlxalq mütəxəssislər dəvət olunub. Hazırda, yamacın kompleks şəkildə tədqiqi aparılıb və aparılır, topoqrafik, geofiziki və geoloji tədqiqatlar aparılır, bunun nəticəsində də növbəti addımları müzakirə etmək və nəqliyyatın hərəkətinin bərpası imkanlarını qiymətləndirmək mümkün olacaq” – deyə Qiorqi Tsereteli açıqlayıb.
Qiorqi Tsereteli nəqliyyat axınının vaxtında bərpası üçün hər şeyin edildiyini bildirir.
“Hazırda nəqliyyatın hərəkət istiqamətinin yönləndirildiyi 109 km uzunluğunda olan Qomi-Saçxere-Çiatura yoluna gəlincə, sözügedən yolun yalnız 6 km-lik hissəsində planlı reabilitasiya işləri aparılır ki, bu da hərəkətə mane olur. Bu səbəblə Yollar İdarəsi əhalidən bir daha üzr istəyir. Qərar həddindən artıq zərurət və sərnişinlərin təhlükəsizliyi üçün qəbul edilib. Biz işləyirik və nəqliyyat axınının təhlükəsiz hərəkətini vaxtında bərpa etmək üçün hər şeyi edirik”-deyə Qiorqi Tsereteli açıqlayıb.