Avtomobil Yolları Departamentindən bildirilir ki, yollar intensiv şəkildə təmizlənir, texniki duz səpilir və qoyulan məhdudiyyətlər mərhələli şəkildə yumşaldılacaq
Avtomobil Yolları Departamentindən bildirilir ki, pis hava şəraiti ilə əlaqədar bütün Gürcüstan ərazisində müxtəlif yol hissələrində məhdudiyyətlər tətbiq edilib.
“Bildiyiniz kimi, ötən gecədən güclü qar başlayıb. Faktiki olaraq, bütün Gürcüstanda, yolların müəyyən hissələrinə məhdudiyyətlər qoyuldu. Bu məhdudiyyətlərə, əsasən yüksək dağlıq yollar istiqamətində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkətinə qoyulan qadağalar daxildir”, – deyə Avtomobil Yolları Departamentinin sədr müavini Pavle Qamkrelidze bildirib.
Onun sözlərinə əsasən, Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, uçqun təhlükəsi olan Kobi-Qudauri yol hissəsində nəqliyyatın hərəkəti qadağandır.
“Həmçinin Tsalka-Ninotsminda istiqamətində, Pərvanə aşırımında qar çovğununun müşahidə olunduğu və görmə məsafəsinin aşağı olduğu üçün burada da nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması tövsiyə olunub. Qalan istiqamətlərdə yollar intensiv təmizlənir, texniki duz tökülür və indiki mərhələdə heç bir ləngimə yoxdur. Gecə saatlarında Qombori aşırımında avtonəqliyyat hərəkətinə məhdudiyyət qoyulmuşdu, burada da qar fırtınası və görmə məsafəsinin aşağı düşdüyü müşahidə olunurdu. Bu mərhələdə isə məhdudiyyət yalnız yük daşıyan avtonəqliyyat vasitəsinə şamil olunur. Gün ərzində qeyd olunan məhdudiyyətlər tədricən yumşaldılacaq”, – deyə Pavle Qamkrelidze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev