Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanı Gürcüstan vətəndaşlarının kollektiv deportasiyası məsələsinə görə təzminat ödəməyə çağırır
Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanı Gürcüstan vətəndaşlarının kollektiv deportasiyası məsələsinə görə təzminat ödəməyə çağırır

 

Avropa Şurasının Nazirlər Komitəsi Avropa İnsan Haqları Məhkəməsinin qərarına müvafiq olaraq Gürcüstan vətəndaşlarının kollektiv deportasiyası məsələsinə görə Rusiyanı  Gürcüstana təzminat ödəməyə yenidən çağırır.

Bu barədə Strasburq Məhkəməsinin qərarlarının icrası ilə bağlı bu gün dərc edilən aralıq qətnaməsində deyilir.

Komitə, Strasburq Məhkəməsinin qərarını yerinə yetirmək üçün qurumun əvvəlki çağırışlarına Rusiya hakimiyyəti tərəfindən reaksiya verilməməsindən dərin təəssüf hissi keçirir.

Nazirlər Komitəsinin sənəddə qeyd etdiyi üzrə, Rusiyanın Avropa Şurasına üzvlüyünün 2022-ci il martın 16-da dayandırılmasına baxmayaraq, o, hələ də Avropa Məhkəməsinin qərarlarına əməl etməyə borcludur və Nazirlər Komitəsi onların icrasına nəzarəti davam etdirəcək.

Komitə həmçinin Rusiya tərəfinin sessiyaya qədər heç bir məlumat təqdim etməməsindən də təəssüflənir. Nazirlər Komitəsi qərarın icrası üçün nəzərdə tutulmuş müddətin üzərindən üç ildən artıq vaxt keçməsindən və kompensasiyanın hələ də ödənilməməsindən dərin narahatlığını bildirir.

2019-cu ildə Strasburq məhkəməsi “Gürcüstan Rusiyaya qarşı” məsələsi üzrə hökm çıxarıb və Rusiya tərəfinə üç ay ərzində Gürcüstanın 1500 vətəndaşına 10 milyon avro təzminat ödəməyi həvalə edib. Avropa Şurasının Nazirlər Komitəsi qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş ədalətli kompensasiya sözsüz icra edilə bilən öhdəlikdir. Komitə bu məsələyə 2022-ci ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası mövzusuna həsr olunmuş növbəti iclasında baxacaq.