Avropa Şurası Ukrayna, Moldova və Gürcüstanın müraciətləri ilə bağlı məsələyə iyun görüşündə qayıdacaq
Avropa Şurası Ukrayna, Moldova və Gürcüstanın müraciətləri ilə bağlı məsələyə iyun görüşündə qayıdacaq

 

Avropa Şurası  Avropa Komissiyası tərəfindən Ukrayna,  eləcə də Moldova və Gürcüstanın üzvlük müraciətləri ilə bağlı rəylərin  hazırlanmasını nəzərdə tutur və iyun görüşündə məsələyə qayıdacaq – bu barədə Avropa Şurasının iclasından sonra dərc olunmuş yekun bəyanatda deyilir.

“Avropa Şurası Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini qətiyyətlə qınayır. Rusiyanı mülki əhaliyə və mülki infrastruktura fərq qoymadan həyata keçirdiyi hücumları dərhal dayandırmağa, bütün hərbi bölmələrini və texnikasını Ukraynanın bütün ərazisindən beynəlxalq səviyyədə tanınmış sərhədlərə dərhal və qeyd-şərtsiz geri çəkməyə çağırır. Rus qüvvələrinin törətdiyi vəhşilikləri, səbəb olduqları iztirabları, dağıntıları dillə təsvir etmək mümkün deyil. Avropa Şurası Rusiyanı dərhal humanitar çatımlılıq və bütün vətəndaşlara təhlükəsiz giriş imkanı verməyə çağırır. Avropa Şurası humanitar hüquqa, o cümlədən hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasına tam əməl ediləcəyini gözləyir.  O, həmçinin Rusiyanı, Rusiya tərəfindən zorla köçürülən Ukrayna vətəndaşlarının təhlükəsiz geri qayıtmasına dərhal icazə verməyə çağırır” – deyə bəyanatda deyilir.

Avropa Şurası Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun hərbi cinayətlərin araşdırılmasında fəaliyyətini dəstəkləyir və “Eurojust” tərəfindən koordinasiya edilən birgə istintaq qrupunun yaradılmasını alqışlayır.

“Rusiya, Belarus  və bütün məsuliyyət daşıyanlar beynəlxalq hüquq çərçivəsində törətdikləri əməllərə görə cavab verəcəklər” – deyə bəyanatda deyilir.

Avropa Şurası Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Rusiya və Belarusa təzyiqləri artırmağa hazırdır. Avropa Şurası bütün ölkələri Aİ sanksiyalarına qoşulmağa çağırır.

“Sanksiyalardan yan keçmək və ya digər vasitələrlə Rusiyaya kömək etmək cəhdlərinin qarşısı alınmalıdır”-deyə şuranın bəyanatında deyilir.

Yekun bəyanatda həmçinin Rusiyadan xam neft və neft məhsullarının idxalını qadağan edən altıncı sanksiyalar paketinə də toxunulur, boru kəməri ilə tədarük edilən neft üçün müvəqqəti istisnaya yol verilir.

Avropa Şurası həmçinin Ukraynaya maliyyə və humanitar yardım göstərilməsinə ehtiyac olduğunu qeyd edir və 2022-ci ildə Ukraynaya 9 milyard avro yeni makromaliyyə yardımı ayırmağa hazır olduğunu bildirir.

“Ukraynanın yenidən qurulması gələcəkdə ölkənin bərpası üçün hərtərəfli dəstəyə ehtiyac duyur. Avropa İttifaqı və ona üzv dövlətlər bu məsələdə böyük rol oynamağa hazırdır. Müvafiq olaraq, Ukraynanın yenidən qurulması üçün platformanın yaradılması nəzərdən keçirilməlidir. Platforma, Ukrayna hökumətini, Avropa İttifaqını və ona üzv dövlətləri, Avropa İnvestisiya Bankını, habelə beynəlxalq tərəfdaşları, maliyyə institutlarını, təşkilatları, ekspertləri və maraqlı tərəfləri bir araya gətirməlidir.  Aİ-nin yenidənqurmaya dəstəyi onun Avropa yoluna uyğun islahatları həyata keçirməsi və korrupsiyaya qarşı mübarizə tədbirlərinin icrası ilə bağlı olacaq” – deyə bəyanatda deyilir.

Avropa Şurası üzv dövlətlərin öz milli qanunvericiliklərində müsadirə tədbirlərinin nəzərə alınması  ilə bağlı səylərini alqışlayır. Həmçinin, şuranı Avropa Komissiyasının Aİ sanksiyalarının pozulmasına görə cinayət tədbirləri ilə bağlı təşəbbüsünü tez bir zamanda nmüzakirə etməyə çağırır.

Avropa İttifaqı, Aİ və beynəlxalq hüquqa müvafiq olaraq , o cümlədən Ukraynanın bərpasını dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə də daxil olmaqla əlavə variantların öyrənilməsini  alqışlayır.

Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsinin qonşu ölkələrə və Qərbi Balkanlara təsirini də diqqətlə izləyir. O, enerji və iqtisadi böhran, eləcə də müharibə nəticəsində miqrasiya təzyiqləri yaşayan Moldovaya dəstək verilməsinin vacibliyini vurğulayır.