Avropa Şurası - Ermənistan-Azərbaycan sərhədi boyunca müşahidəçilər müvəqqəti olaraq Gürcüstanda fəaliyyət göstərən missiyadan göndəriləcək, missiya Gürcüstandakı monitorinqə təsir etməmək üçün tədbirlər görəcək
Avropa Şurası regiondakı vəziyyəti izləmək, təhlil etmək və hesabat üçün Ermənistana Azərbaycanla sərhəd boyunca Aİ-nin 40 müşahidəçisinin göndərilməsi barədə qərar qəbul edib. Sözügedən qərarı şura oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüşdən sonra qəbul edib.
Şuranın bəyanatına əsasən, müşahidəçilərin sərhəd boyu yerləşdirilməsi regionda sülh və təhlükəsizliyin bərpasına, etimadın yaradılmasına və iki tərəf arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etmək məqsədi daşıyır.
Aİ müşahidəçilərinin sürətlə yerləşdirilməsini təmin etmək üçün Avropa Şurası Gürcüstanda fəaliyyət göstərən Aİ Monitorinq Missiyasının monitorinq ekspertlərinin Ermənistan-Azərbaycan sərhədi boyunca müvəqqəti göndərilməsi barədə qərar qəbul edib. Avropa İttifaqının Monitorinq Missiyası bunun Gürcüstandakı monitorinq imkanlarına təsir etməməsi üçün ölçülərə baş vurur.
Şuranın məlumatına əsasən, Ermənistan-Azərbaycan sərhədi boyunca müşahidə missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.
Bundan başqa, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell bildirib ki, Aİ tərəfindən 40 müşahidəçi ekspertin Ermənistanın Azərbaycanla beynəlxalq sərhədi boyunca yerləşdirilməsi insan həyatını riskə atan və münaqişənin həlli prosesinə təhlükə yaradan qeyri-sabit vəziyyətdə inam yaratmaq məqsədi daşıyır.
“Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”- deyə Cozef Borrell bildirib.