Avropa Parlamenti Gürcüstanla bağlı tövsiyə xarakterli bir sıra düzəlişin daxil edildiyi illik hesabatı qəbul edib
Avropa Parlamenti Gürcüstanla bağlı tövsiyə xarakterli bir sıra düzəlişin daxil edildiyi illik hesabatı qəbul edib

 

Avropa Parlamenti Gürcüstanla Assosiasiya Sazişinin icrası ilə bağlı tövsiyə xarakterli bir sıra düzəlişin daxil edildiyi illik hesabatı qəbul edib.

Belə ki, düzəlişlərdən birində qeyd olunub : “Avropa Parlamenti Gürcüstana namizəd statusu verilənədək müzakirə edilməli olan Komissiyanın müəyyən etdiyi prioritetlərdən biri kimi, iqtisadi, siyasi və ictimai həyatda şəxsi maraqların həddindən artıq təsirinin aradan qaldırılmasının zəruriliyini vurğulayır “.

Bu gün qəbul olunan hesabatda qeyd olunub ki, Avropa Parlamenti: “Ölkənin siyasi, iqtisadi və ictimai həyatının müxtəlif sahələrində sistematik struktur və tənzimləyici islahatlar vasitəsilə şəxsi maraqların, xüsusən də oliqarx və keçmiş baş nazir Bidzina İvanişvilinin həddindən artıq təsirinin aradan qaldırılmasını tövsiyə edir.

Şuraya və demokratik tərəfdaşlara İvanişviliyə və demokratik siyasi prosesin pisləşməsinə görə məsuliyyət daşıyan bütün şəxslərə qarşı şəxsi sanksiyalar da daxil olmaqla, müvafiq tədbirlər görməyə dair çağırışını təkrar edir.

Rusiya vətəndaşları və təşkilatlarının ehtimal ki Gürcüstandan Qərb sanksiyalarından yan keçmək üçün istifadə etdiyinə dair məlumatlardan narahatdır; Aİ qurumlarını bu iddiaları müzakirə etməyə, o cümlədən Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyinin Bidzina İvanişvilinin Rusiya ilə əlaqələri haqqında hesabatının öyrənilməsinə çağırır. Bu iddialar təsdiqini taparsa, Bidzina İvanişviliyə və onun ən yaxın həmfikirlərinə qarşı şəxsi sanksiyaların tətbiqinə çağırır, Ukraynanın Kremllə bağlarına görə İvanişvilinin ailə üzvlərinə və Rusiyaya münasibətdə Gürcüstanın indiki hökumətinin qeyri-müəyyən mövqeyinin arxasında dayanmış onun yaxın ətrafına sanksiya tətbiq etdiyini qeyd edir; Bu baxımdan, Rusiyaya qarşı sanksiyaların səkkizinci paketinin qəbulunu alqışlayır və bu, Aİ-yə sanksiyalardan yayınmağa kömək edənlərə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək yeni meyarlar siyahısını ehtiva edir” – deyə hesabatda qeyd olunub.

Bundan əlavə, hesabatın müəllifi Sven Mikser bildirib ki, hesabata həmçinin düzəliş daxil ediləcək, bu düzəlişlə Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edəcəklər ki, “Xalq müdafiəçisinin dekabrın 7-də səsləndirdiyi düşüncələr əsasında Nika Qvaramianı əfv etsin”.

Hesabatı 430 avropalı parlamentari dəstəkləyib, 126 deputat bitərəf qalıb, 52 deputat isə əleyhinə çıxıb.