Avropa mediasının nümayəndələri Gürcüstanın turizm məhsulları, qış kurortları və mədəniyyəti haqqında məqalələr hazırlayacaqlar
Gürcüstanın Milli Turizm Administrasiyası məşhur beynəlxalq nəşrlərin, “Le Figaro”, “The Telegraph”, “GQ”, “Die Presse”, “Snow”, “Backcountry Magazine”, “Downdays”ın nümayəndələrinə ev sahibliyi edir. Bu barədə Milli Turizm Administrasiyası məlumat yayır.
Verilmiş məlumatda, press-tur çərçivəsində Fransa, Böyük Britaniya və Avstriyanın aparıcı jurnalistlərinin Gürcüstana səfər etdiyi deyilir.
Milli Turizm Administrasiyasından açıqlandığı üzrə, media nümayəndələri Tbilisi, Kutaisi, Prometey mağarası və Mestiada olublar. Jurnalistlər Mestiada “Freeride” dünya turunu işıqlandırıblar.
“Mən ilk dəfədir Gürcüstandayam, mənzərəyə heyranam. İnsanlar çox mehribandır, qar olduqca keyfiyyətlidir, kanat yolu sürətlidir, Svanetidə heyrətamiz təcrübə qazandım. Burada hər şey əlçatan olduğu üçün “Asan macəra” adlı məqalə hazırlayıram. Kiçik mağazalarda belə, nəyəsə ehtiyacınız olanda hamı sizə kömək etməyə hazırdır. Gürcüstan gələcəkdir”-deyə “Le Figaro”nun jurnalisti Metyu Ross bildirir.
Bundan əlavə, “Die Presse”nin nümayəndəsi Cozef İbnerin qeyd etdiyi kimi, Gürcüstanda xizək sürmək üçün gözəl şərait var.
“Bizə bir qrup “freerider”i müşaiyət etmək imkanı verildi və gözəl təəssüratlarımız oldu. Svanetinin çox mehriban insanları var, dağ kurortu inkişaf edir, həqiqətən heyrətamiz xizək şəraiti var və düşünürəm ki, bu, populyarlaşacaq turizm məkanıdır”- Cozef İbner qeyd edib.
Turda iştirak edən fotoqraf Dom Daher bildirib ki, Gürcüstana səfəri zamanı ekstremal yarışma və dağların fotolarını çəkib.
“Mən ikinci dəfədir Gürcüstandayam. Bir tərəfdən ekstremal yarışma və dağları çəkdim, bunun üçün bütün dünyanı gəzir və fotoşəkillər çəkirəm, digər tərəfdən mədəni hissə çox maraqlı idi. Mən dünya “Freeride” turları təşkil edən İsveçrə şirkəti “FWT – Freeride World Tour” üçün çalışıram . Mərhələlərdən biri məhz Svanetidə keçirilib, “Freeride”ın növbəti mərhələləri Avstriya və İsveçrədə təşkil olunacaq”- turda iştirak edən fotoqraf Dom Daher açıqlayıb.