Avropa Komissiyasının mətbuat katibi bildirib ki, iyunun 11-də keçiriləcək görüş diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılmasına səbəb olan halların aradan qaldırılmasına xidmət edir
Avropa Komissiyası hesab edir ki, Gürcüstan hakimiyyətinin addımları vizasız rejimin əsas prinsiplərini, o cümlədən insan hüquqlarına və demokratik dəyərlərə hörmət prinsipini sarsıdır. Bunu Avropa Komissiyasının sözçüsü Markus Lammert bildirib.
Onun sözlərinə görə, Komissiya iyunun 11-də Gürcüstan tərəfi ilə viza rejimi məsələsinə həsr olunmuş texniki görüş keçirməyi planlaşdırır.
“2026-cı ilin mart ayında Komissiya diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəlişi 12 ay müddətinə dayandırdı. Bu qərar üzv dövlətlərin razılığı əsasında qəbul edildi. Vizasız rejimə dair saziş dayandırıldıqda, Komissiya müvafiq üçüncü ölkə ilə genişləndirilmiş dialoq aparır və məqsəd dayandırılmaya səbəb olan halların aradan qaldırılmasıdır. Bu çərçivədə ilk görüş iyunun 11-də Avropa Komissiyası ilə Gürcüstan rəsmilərindən ibarət nümayəndə heyəti arasında keçiriləcək.
Xatırlatmaq istəyirəm ki, Komissiya hesab edir ki, Gürcüstan hakimiyyətinin fəaliyyəti vizasız rejimin əsas prinsiplərini, o cümlədən insan hüquqlarına və demokratik prinsiplərə hörməti sarsıdır. Bu addımlar İttifaqın norma və dəyərlərinə ziddir, həmçinin Avropa İttifaqı ilə Gürcüstan arasında iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin sabit inkişafına mane olur. Bu, dayandırılma prosesi çərçivəsində keçirilən texniki görüş olacaq. Görüşdən sonra nəticələrlə bağlı məlumat təqdim etmək mümkün ola bilər”, – deyə Markus Lammert qeyd edib.