Avropa Komissiyasının 12 tövsiyəsi əsasında hazırlanmış “Seçki Məcəlləsi”nin təşəbbüsü qaldırılıb
Avropa Komissiyasının 12 tövsiyəsi əsasında hazırlanmış “Seçki Məcəlləsi”nin təşəbbüsü qaldırılıb. Qanun layihəsi nəzərə alınmaqla, Gürcüstan 2024-cü ildən elektron seçki sisteminə keçəcək. Elektron seçki sistemi elektron vasitələrdən istifadə etməklə seçki məntəqəsinə gedən seçicilərin qeydiyyatı və şəxsiyyətin müəyyən edilməsi, səsvermə, səslərin hesablanması və nəticələrin icmal hesabatının hazırlanması prosedurlarını nəzərdə tutur.
Layihəyə əsasən elektron qeydiyyat və sayma avadanlığının olmadığı məntəqələrdə səslərin əks edildiyi bülletenlər tam rəqəmsallaşdırılaraq MSK-nın rəsmi internet portalına yüklənəcək. Bununla yanaşı, dəyişikliklərlə inzibati resurslardan qeyri-qanuni istifadəyə görə mövcud 2000 larilik cərimə 2 dəfə artırılaraq 4000 lariyə çatdırılacaq. İnzibati resurslardan qanunsuz istifadəyə görə şəxsin məsuliyyətə cəlb edilmə müddəti isə iki aydan üç ilədək artırılır. Qeyd olunanlardan başqa, layihəyə əsasən məntəqə seçki komissiyası üzvlərinin intizam məsuliyyətinin müəyyən edilməsi üçün müəyyən edilmiş 30 günlük müddət iki dəfə azaldılaraq 15 gün olacaq.
Həmçinin dəyişikliklə seçki məntəqəsində səslərin hesablanması nəticəsində gələn seçicilərin sayına nisbətən 5 və ya 5-dən çox, 10 və ya 10-dan çox bülleten qeydə alınıbsa, seçki məntəqəsində yenidən hesablama aparılacaq. Köçürmə qutusundan istifadə edən seçici işarələnəcək.
Bununla yanaşı, dəyişikliklə məntəqə seçki komissiyası sədrinin hərəkətindən dairə seçki komissiyasına şikayət etmək müddəti artırılaraq 2 gün əvəzinə 3 gün müəyyən ediləcək.
Dairə və məntəqə komissiyalarının peşəkar əsaslarla seçilən üzvlərinə neytrallıq və qərəzsizliyi gücləndirmək məqsədilə məhdudiyyətlər qoyulacaq.
Məntəqə seçki komissiyasının peşəkar üzvlərinin sertifikatlaşdırılması təyin olunacaq və komissiyanın sertifikatlaşdırılmış üzvlərinin bazası yaradılacaq.
Dəyişikliklər layihəsi ilə yerli monitorinq təşkilatlarının mandatı genişləndirilir – onlar müvafiq qeydiyyat əsasında Mərkəzi Seçki Komissiyasının seçkidənkənar dövrdə iclaslarında iştirak etmək imkanı əldə edəcəklər.
“Vətəndaşların siyasi birlikləri haqqında” üzvi qanunda nəzərdə tutulan dəyişikliklərə gəlincə, təşəbbüsü irəli sürülən layihəyə əsasən, hər bir partiyanın il ərzində çəkdiyi xərclərin ümumi məbləğinin yuxarı həddi iki dəfə azaldılacaq və indiki 0,1% əvəzinə, Gürcüstanın əvvəlki ilin ümumi daxili məhsulunun 0,05 faizindən çox olmayacaq. Belə ki, hər bir partiya üçün il ərzində 60 milyon lari olan xərcləmə hissəsinin yuxarı həddi 30 milyon yuxarı həddə endirilir.