Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edib

16:42, 09.06.2026

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların 21-ci paketini təqdim edib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, yeni sanksiyalar dörd əsas istiqaməti əhatə edir: energetika, maliyyə sektoru və kriptovalyutalar, ticarət və balıqçılıq sahələri.

Sanksiyalar paketinin qüvvəyə minməsi üçün o, əvvəlcə Avropa İttifaqı Şurası tərəfindən yekdilliklə təsdiqlənməlidir.

Məlumata görə, energetika sahəsində əsas məqsəd Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaqdır. Avropa İttifaqı Rusiya nefti üçün maksimum qiymət həddi müəyyən edib. Bu qiymət bazar şəraitinə uyğun olaraq vaxtaşırı yenilənir. Lakin Hörmüz boğazı ətrafında yaranmış gərginlik neft bazarında ciddi dalğalanmalara səbəb olub. Buna görə də Aİ qiymət həddinin yenidən nəzərdən keçirilməsini bazarın sabitləşməsi üçün gələn ilin yanvar ayınadək təxirə salmağı planlaşdırır.

Yeni paketə əsasən, Rusiyanın “kölgə donanması”na qarşı sanksiyalar genişləndiriləcək və siyahıya daha 30 gəmi əlavə olunacaq. Bununla da sanksiyaya məruz qalan gəmilərin sayı 632-yə çatacaq. Məhdudiyyətlər həmçinin həmin donanmaya xidmət göstərən şirkətlərə, limanlara, hava limanlarına və neft emalı müəssisələrinə də şamil ediləcək.

Maliyyə sanksiyaları çərçivəsində daha 31 Rusiya bankı qara siyahıya salınacaq.

Yeni paketdə ilk dəfə olaraq üçüncü ölkələrə qarşı kriptoaktivlərlə bağlı xidmətlərin tam qadağan edilməsi nəzərdə tutulur. Bu məhdudiyyətlər sanksiyaya məruz qalmış Rusiya qurumlarına xidmət göstərən şirkətlərə tətbiq ediləcək.

Ticarət məhdudiyyətləri Rusiyanın hərbi-sənaye kompleksində istifadə olunan metallar və ərintiləri də əhatə edəcək. Eyni zamanda, oxşar ticarət məhdudiyyətləri Belarusa qarşı da tətbiq olunacaq.

Sanksiyaların yeni paketinə əsasən, ilk dəfə olaraq Rusiya mənşəli balıq məhsullarının idxalına da məhdudiyyət qoyulacaq.

Avropa Komissiyasının məlumatına görə, sanksiyaların 21-ci paketinin 15 iyul tarixinədək təsdiqlənməsi planlaşdırılır.

Oxşar