Avropa İttifaqının Monitorinq Missiyasının yeni rəhbəri Bettina Buqani Gürcüstanda vəzifəsinə başlayıb

10:30, 07.04.2024

Avropa İttifaqının Monitorinq Missiyasının yeni rəhbəri Bettina Patrisiya Buqani Gürcüstanda vəzifəsinə başlayıb.

Aİ monitorinq missiyasının məlumatına görə, Buqani Tbilisiyə aprelin 6-da gəlib.

“Aİ Monitorinq Missiyasının rəhbəri kimi işimə başlamaq şərəfinə nail olmaqdan xoşbəxtəm. Peşəkar karyeramın 35 ildən çoxunu təhlükəsizliyin, sülhün və sabitliyin təşviqinə öhdəlik götürmüşəm. Gürcüstanda sabitlik və təhlükəsizliyə töhfə vermək üçün 24/7 səylə çalışan 300-dən çox həvəsli işçidən ibarət komandaya rəhbərlik etmək şərəf olacaq. Ümid edirəm ki, mənim rəhbərliyim münaqişədən zərər çəkmiş əhalinin gündəlik həyatını yaxşılaşdırmağa və icmalar arasında etimadı bərpa etməyə kömək edən bu mühüm missiyada onlara kömək edəcək”, – deyə missiyanın rəhbəri Gürcüstana gələrkən bildirib.

Bettina Buqan 2024-cü il martın 26-da Avropa İttifaqı Şurası tərəfindən rəhbər vəzifəsinə təyin edilib və 2024-cü ilin aprelin 1-də vəzifəsinin icrasına başlayıb.

Avropa İttifaqının Monitorinq Missiyasının məlumatına görə, Bettina Patrisiya Buqan Fransanın Milli Jandarma İdarəsinin zabitidir və rəhbər vəzifələrdə və beynəlxalq əlaqələrdə böyük təcrübəyə malikdir. O, Birləşmiş Millətlər Təşkilatında və Fransa Daxili İşlər Nazirliyində/Fransa Jandarmında müxtəlif yüksək vəzifələrdə çalışıb. Bundan əvvəl o, MINUSMA-da (Birləşmiş Millətlər Təşkilatının Malidə Çoxölçülü İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyası) polis komissarı vəzifəsində çalışaraq, sülhməramlı fəaliyyətlərdə iştirak edib.

Oxşar