Avropa İttifaqında bildirirlər ki, ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasına əsasən, Azərbaycanda seçkilər məhdud siyasi və hüquqi şəraitdə keçirilib
Avropa İttifaqında bildirirlər ki, ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasına əsasən, Azərbaycanda seçkilər məhdud siyasi və hüquqi şəraitdə keçirilib

 

Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayır.

Bəyanatda deyilir ki, ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasına əsasən, seçkilər əsl plüralizmə imkan verməyən məhdud siyasi və hüquqi şəraitdə keçirilib, nəticədə rəqabətsiz səsvermə ilə müşaiyət olunub.

“Səsvermə prosesinin nizamlı şəkildə olmasına və ümumilikdə effektiv şəkildə keçirilmiş olaraq qiymətləndirilməsinə baxmayaraq, ciddi pozuntular və mühüm təminatların buraxılması qeyd olunub, xüsusilə səslərin hesablanması zamanı, bu da prosesin ədalətli olması ilə bağlı suallar doğurub. ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası həmçinin qeyd edib ki, seçkilər fərqli səslərə qarşı davam edən repressiya fonunda keçirilib. Avropa İttifaqı Azərbaycan hakimiyyətini ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə almağa və həyata keçirməyə çağırır. Avropa İttifaqı bu prosesdə kömək etməyə hazırdır” – bəyanatda deyilir.