Avropa İttifaqı zirvə toplantısının yekun bəyanatı - Aİ Ukrayna, Moldova və Gürcüstanla sıx işləməyə və onların Avropa yolunda islahatlar səylərini dəstəkləməyə davam edəcək
Avropa İttifaqı zirvə toplantısının yekun bəyanatı - Aİ Ukrayna, Moldova və Gürcüstanla sıx işləməyə və onların Avropa yolunda islahatlar səylərini dəstəkləməyə davam edəcək

 
Aİ Ukrayna, Moldova və Gürcüstanla sıx işləməyə və onların Avropa yolunda islahatlar səylərini dəstəkləməyə davam edəcək. Bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı zirvə toplantısının yekun bəyanatında deyilir.

Avropa İttifaqı Şurası Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyir və Avropa İttifaqının lazım olduğu müddət boyunca Ukraynaya və onun xalqına maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyini təsdiqləyir. Şura Ukraynanın təcili hərbi və müdafiə ehtiyaclarının qarşılanması üçün bu ölkəyə hərbi yardımın çatdırılmasının sürətləndirilməsinin zərurətini vurğulayır.

Yekun bəyanatda qeyd edildiyi kimi, Ukraynaya hərbi və təhlükəsizlik yardımı, bütün üzv dövlətlərin təhlükəsizliyi və müdafiəsi nəzərə alınmaqla, konkret üzv dövlətlərin təhlükəsizlik və müdafiə siyasətlərinə tam hörmətlə yanaşılmaqla göstəriləcək.

Şuranın bəyanatına əsasən, Rusiya Ukraynaya qarşı müharibə nəticəsində dəymiş külli miqdarda ziyana görə məsuliyyət daşıyır. Şura üzvləri qeyd edirlər ki, müqavilə öhdəliklərinə, Aİ və beynəlxalq hüquqa uyğun olaraq, Rusiyanın aktivlərinin Ukraynanın bərpası və yenidən qurulmasını dəstəkləmək üçün necə istifadə oluna biləcəyi ilə bağlı tərəfdaşlarla koordinasiya yoluyla həlledici irəliləyiş zəruridir. Avropa İttifaqı Şurası Avropa Komissiyasını bu istiqamətdə fəaliyyətini sürətləndirməyə çağırır.

Bəyanatda həmçinin sanksiyaların sərtləşdirilməsinin zəruriliyindən danışılır.

“Rusiyanın təcavüzkar müharibə aparmaq qabiliyyəti o cümlədən sanksiyaların sərtləşdirilməsi, onların tam və effektiv tətbiqi, tərəfdaşlar və müttəfiqlərlə sıx koordinasiya şəraitində onlardan yayınmaların, xüsusilə də yüksək riskli mallar üzrə yayınmanın qarşısını almaqla daha da zəiflədilməlidir”-deyə bəyanatda deyilir.