Avropa İttifaqı Şurası - Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqındadır
Avropa İttifaqı Şurası - Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqındadır

 

Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqındadır -bu barədə Avropa İttifaqı Şurasının bugünkü iclasından sonra dərc olunan sənəddə deyilir.

Sənəddə 2023-cü ilin yazında Avropa Komissiyasından yenilənmiş məlumat alındıqdan sonra Ukrayna, Moldova və Gürcüstan məsələsinə yenidən qayıdılacağı qeyd edilib.

“Avropa İttifaqı Şurası Ukrayna və Moldovanın Avropa perspektivinin tanınması və bu ölkələrə üzvlüyə namizəd statusu verilməsinə dair 2022-ci ilin iyunun 23-də qəbul edilmiş qərarın əhəmiyyətini bir daha təkrarlayır. Avropa İttifaqı Şurası həmçinin Gürcüstanın Avropa perspektivini tanıyıb və Avropa Komissiyasının təqdim etdiyi prioritetlər yerinə yetirilən kimi ona namizəd statusu verməyə hazır olduğunu təsdiqləyib. Ukrayna, Moldova və Gürcüstanın və bu ölkələrin vətəndaşlarının gələcəyi Avropa İttifaqındadır” -deyə sənəddə deyilir.

Press-relizdə qeyd olunur ki, 2022-ci ilin sentyabrında Aİ-Gürcüstan Assosiasiya Şurasının yeddinci sessiyasında vurğulandığı kimi, Avropa İttifaqı Şurası Gürcüstanın islahatlar prosesində atdığı vacib addımlardan xəbərdardır.

“Avropa İttifaqı Şurası Gürcüstanı islahatlar yolu ilə davam etməyə və ölkəyə namizəd statusunun verilməsi üçün Avropa Komissiyasının sadaladığı prioritetləri tam yerinə yetirməyə çağırır. Avropa İttifaqı Şurası Aİ-Gürcüstan Dərin və Hərtərəfli Azad Ticarət Sazişinin gücləndirilmiş icrasına əsaslanaraq, Avropa İttifaqı ilə sektoral əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirir” – deyə Avropa İttifaqı Şurasının dərc etdiyi sənəddə deyilir.