Avropa İttifaqı Şurası Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 20 milyon avroluq yardım paketini təsdiqləyib
Avropa Şurası Gürcüstan üçün Avropa Sülh Aləti (EPF) çərçivəsində maliyyə yardımının növbəti paketini təsdiqləyib. 20 milyon avro dəyərində yardım ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir və Vahid Müdafiə və Təhlükəsizlik Siyasəti (CSDP) çərçivəsində Gürcüstanın Avropa İttifaqı ilə aktiv əməkdaşlığını təşviq edəcək.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bu il ilk dəfə olaraq Avropa Sülh Aləti vasitəsilə Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstək göstəriləcəyi deyilir. Həmçinin, yardım paketi hərbi-tibbi, hərbi-mühəndislik və nəqliyyat imkanlarının gücləndirilməsinə yönəldiləcək.
“Gürcüstan Aİ-nin müdafiə və təhlükəsizlik sektoru üçün maliyyə yardımını artıq ikinci dəfədir alır. 2021-ci ildə Gürcüstan EPF-ni qəbul edən ilk ölkələrdən biri olub. Bu fakt bir daha Gürcüstanın Avropa İttifaqı üçün regionda ən vacib və etibarlı tərəfdaş olduğunu və hər iki tərəfdən müxtəlif hibrid təhdidlərə qarşı dayanıqlığın artırılması da daxil olmaqla, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsində güclü maraq olduğunu göstərir. Bu vacib qərar Gürcüstan-Aİ əməkdaşlığının dinamizmini bir daha təsdiq edir və təhlükəsizlik ölçüsünün ikitərəfli gündəliyin kritik sahələrindən biri olduğunu açıq şəkildə göstərir. Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstək verərək, Gürcüstanda sülh və sabitliyin təşviqi prosesində aktiv iştirak etməkdə davam edir” – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Bununla yanaşı, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herchinski Aİ tərəfindən 20 milyon avro dəyərində yeni yardım paketinin Brüsseldə indilərdə təsdiqləndiyini bildirib.
“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Avropanın və regionun sabitliyinə son dərəcə ciddi təsir göstərib. Gürcüstan müharibə sınağından keçib və milli təhlükəsizliyin gücləndirilməsinin bədəlini yaxşı başa düşür. Avropa İttifaqı Avropa Sülh Aləti də daxil olmaqla milli təhlükəsizliyi, sabitliyi və müdafiə sahəsində davamlılığı gücləndirməklə Gürcüstanın dayanıqlılığını dəstəkləyir. Brüsseldə Avropa İttifaqından 20 milyon avro dəyərində yeni yardım paketi indilərdə təsdiqlənib. Bu, Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarını gücləndirməyə kömək edəcək və relevant, qeyri-letal silahlar, təchizat və xidmətlər, eləcə də təlim avadanlıqları ilə təmin etməklə hərbi-tibbi, mühəndislik, mobillik və kibertəhlükəsizlik sahələrində istifadə olunacaq. Yeni yardım paketi ilə Avropa İttifaqının Gürcüstana etdiyi yardım Avropa Sülh Aləti çərçivəsində 30 milyon avronu keçəcək.
Ötən il Gürcüstan Müdafiə Qüvvələri üçün tibbi ləvazimatların alınması, mühəndislik və mobillik imkanlarının gücləndirilməsi üçün nəzərdə tutulmuş və göstərilən yardım təxminən 13 milyon avro təşkil edib. Bu yardım icra mərhələsindədir. Gürcü tərəfinin yeni yardımla bağlı xahişi Avropa İttifaqının təhlükəsizlik və müdafiə siyasəti məsələləri üzrə ali nümayəndəsinə çatdırılıb və Avropa İttifaqına üzv olan bütün dövlətlər buna yekdilliklə razılıq veriblər. Avropa Sülh Alətinin bu çətin dövrdə Gürcüstanın dayanıqlığını gücləndirməyə kömək etdiyinə görə olduqca şadam”-deyə Pavel Herchinski açıqlayıb.