Avqustun 7-də saat 00:00-dan avqustun 8-i səhər saat 00:00-dək Gürcüstanın bütün ərazisində dövlət bayraqları endiriləcək
Baş nazirin qərarı ilə avqustun 7-si Şovi kurortunda baş vermiş təbii fəlakət qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq matəm günü elan edilib.
Gürcüstanın Baş nazirinin qərarına əsasən, avqustun 3-də Oni Munisipalitetində, Şovi kurortunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsinə 7 avqust matəm günü elan edilib. Sözügedənlərlə bağlı müvafiq sərəncam verilib.
Bu il avqustun 7-si saat 00:00-dan avqustun 8-i səhər saat 00:00-dək Gürcüstanın bütün ərazisində dövlət bayraqları endiriləcək.
Bundan əlavə, Rusiya Federasiyasının hərbi müdaxiləsi nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq avqustun 8-i saat 00:00-dan avqustun 9-u saat 00:00-dək dövlət bayraqları endiriləcək.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.