"AUSTRIAN AIRLINES" Gürcüstanın hava nəqliyyatı sektorunda fəaliyyətə başlayıb
Avstriyanın lider aviaşirkəti “Austrian Airlines” Vyanadan Tbilisi Beynəlxalq Hava Limanına ilk birbaşa reys həyata keçirib. Yeni Avropa aviaşirkəti “Airbus A320” təyyarəsi ilə həftədə üç dəfə Vyana-Tbilisi-Vyana istiqamətində birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.
Gürcüstanın Hava Limanları İttifaqı aviaşirkətlə iki illik danışıqlar prosesini uğurla başa vurub.
Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadze bildirib ki, Avstriya Hava Yolları gürcü hava nəqliyyatı sektorunda yenilikdir, Vyana isə həm turistik, həm də işgüzar səfərlər üçün ən çox tələb görən istiqamətlərdən biridir.
“Bu gün biz Tbilisi Beynəlxalq Hava Limanında “Austrian Airlines”ın ilk reysini qəbul etdik. Biz iki illik danışıqları uğurla başa vurduq, bu o deməkdir ki, başqa bir Avropa aviaşirkəti həftədə üç dəfə Vyanaya uçuşlar həyata keçirəcək. Birinci reysin bütün biletlərinin satıldığına və təyyarənin tam dolu eniş etdiyinə şadıq, çünki bu, Vyananın bizim üçün mühüm istiqamətlərdən biri olduğunun sübutudur. Gürcüstanın Hava Limanları İttifaqı sərnişinlərimizin daha çox hərəkətliliyə və daha çox birbaşa uçuşlara malik olması üçün Tbilisinin hava limanını Avropanın mərkəzi paytaxtları ilə və onun hüdudlarından kənarla əlaqələndirməyə davam edir “- deyə İrakli Karkaşadze bildirib.
Şota Rustaveli adına Beynəlxalq Hava Limanına 136 sərnişinin olduğu təyyarə səhər saatlarında Vyanadan ilk inauqurasiya reysini həyata keçirib. İlk reysi Avstriyanın Gürcüstandakı səfiri Tomas Miulman, “AUSTRIAN AIRLINES”ın Şərqi Avropa və İsrail üzrə satış direktoru Ştefan Linhart, Gürcüstanın Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadze, Tbilisi və Batumi hava limanlarının operator şirkəti “Tav Georgia”nın nümayəndələri qarşılayıblar.
“AUSTRIAN AIRLINES” 1957-ci ildə yaradılıb və “Lufthansa Group”un törəmə şirkətidir. “Star Alliance”ın üzvü olan aviaşirkət 55 ölkədə 130 istiqamətə uçuşlar həyata keçirir. Onun donanması 70 təyyarədən ibarətdir, onların da əksəriyyəti Airbus A320 təyyarələridir.