ATƏT-in Daimi Şurasının iclasında 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı müzakirələr aparılıb

20:50, 17.09.2026

ATƏT-in Daimi Şurasının iclası çərçivəsində 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı müzakirələr aparılıb. İclasda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia çıxış edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir müavini 2008-ci ildə Rusiya tərəfindən Gürcüstana qarşı törədilmiş tammiqyaslı təcavüzdən danışıb və qeyd edib ki, 18 il keçməsinə baxmayaraq, Rusiya hələ də Gürcüstan ərazilərinin işğalını və oradakı qanunsuz hərbi mövcudluğunu davam etdirir. O, həmçinin Rusiyanın beynəlxalq öhdəliklərə, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasına məhəl qoymadığını; öz qüvvələrini Gürcüstan ərazilərindən çıxarmaqdan, işğal olunmuş regionların qondarma müstəqilliyinin tanınmasını ləğv etməkdən, məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdən imtina etdiyini vurğulayıb.

“Nazir müavini işğal olunmuş ərazilərdə humanitar və insan hüquqları baxımından mövcud olan ağır vəziyyətə; qanunsuz həbslərə, qətllərə, diskrıminasiyaya, hərəkət azadlığının məhdudlaşdırılmasına və digər faktlara diqqət çəkib. Rusiyanın Abxaziya və Tsxinvali regionlarına beynəlxalq mexanizmlərin daxil olmasını hələ də əngəllədiyi qeyd olunub.

Laşa Darsalia Rusiyanın quru, hava və dəniz məkanlarında qanunsuz hərbi mövcudluğu ilə bağlı təhlükəsizlik çağırışlarından, həmçinin Rusiyanın Abxaziya və Tsxinvali regionlarını öz siyasi, hərbi və hüquqi sisteminə inteqrasiya etmək cəhdlərindən danışıb. Bu kontekstdə Rusiya ilə Tsxinvali işğalçı rejimi arasında 2026-cı il mayın 9-da imzalanan, Moskvanın inzibati nəzarətini institusionallaşdıran və regionun de-fakto ilhaqına (anneksiyasına) şərait yaradan „Müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında saziş“ qeyd olunub.

Nazir müavini Gürcüstanın münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını qeyd edib və süni şəkildə bölünmüş cəmiyyətlər arasında dialoq və münasibətlərin təşviq edilməsini hədəfləyən barışıq və etimadın bərpası istiqamətində atılan addımları vurğulayıb.

Laşa Darsalia Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasının icrasının, həmçinin məcburi köçkünlərin və qaçqınların geri qayıtması məsələlərinin beynəlxalq aktorların iştirakı ilə müzakirə edildiyi Gürcüstan və Rusiya arasındakı yeganə format kimi Cenevrə Beynəlxalq Danışıqlarına diqqət çəkib.

Sonda beynəlxalq nizamın fundamental prinsiplərinin qorunması üçün tərəfdaşların dəstəyinin vacibliyi bir daha vurğulanıb.

İclasda Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Kanada və Türkiyə nümayəndələri Gürcüstanı dəstəkləyən bəyanatlarla çıxış ediblər”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar