ATƏT/DTİHB-in nümayəndələri parlamentdə görüşlər keçiriblər
ATƏT/DTİHB-in nümayəndələri parlamentdə görüşlər keçiriblər

 

Gürcüstanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələri Gürcüstan parlamentində siyasi partiyalarla görüşlər keçiriblər.

ATƏT/DTİHB-in Monitorinq Missiyasının rəhbəri Albert Yonson siyasi partiyaların nümayəndələrindən başqa, Mərkəzi Seçki Komissiyasında da görüş keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Görüşlərin mövzusuna gəlincə, Yonson görüşlərdə ATƏT/DTİHB-in tövsiyələrinin müzakirə edildiyini və fikir mübadiləsi aparıldığını bildirib.

“Biz burada standart səfərdəyik. Seçki müşahidə missiyası ilə bağlı yekun hesabatımızı dərc edərkən ənənəvi olaraq nümayəndə heyəti ilə ev sahibi ölkəyə səfər edirik. İndi üç nəfərik. Tövsiyələrimizi bütün aidiyyati partiyalarla, o cümlədən siyasi partiyalar və Mərkəzi Seçki Komissiyası ilə müzakirə edəcəyik, eləcə də tövsiyələrimizlə bağlı onların sualları və ya şərhləri olacaq. Bu, bu baxımdan standart, rutin səfərdir. Aydındır ki, hər bir ölkə fərqlidir və özünə xasdır “- Albert Yonson bildirib.

ATƏT/DTİHB missiyasının nümayəndələri artıq “Vahid Milli Hərəkat” – birləşmiş müxalifətin “Güc Birlikdədir” fraksiyasının üzvləri, eləcə də “İslahatlar Qrupu”nun nümayəndələri ilə görüşüblər.