ATƏT-in Ermənistandakı nümayəndə heyətinin rəhbəri bildirib ki, seçkilər görünməmiş təzyiqlər, sanksiyalar və səsvermənin nəticələri ilə bağlı gündəlik təhdidlər şəraitində keçirilib
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODIHR)nun nümayəndə heyətinin rəhbəri Janez Lenarčič Ermənistanda keçirilmiş seçkilərə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları rəsmilərinin səfərlərinin təsir göstərdiyinə işarə edib.
Erməni KİV-lərinin məlumatına görə, Janez Lenarçiç bildirib ki, missiya seçki prosesinin bütün mərhələlərini müşahidə edib və qiymətləndirmə ilkin mənbələrdən əldə olunmuş məlumatlar və təhlillər əsasında hazırlanıb.
ATƏT nümayəndəsinin sözlərinə görə, seçkilər görünməmiş təzyiqlər, sanksiyalar və səsvermənin nəticələri ilə bağlı gündəlik təhdidlər şəraitində keçirilib. O, həmçinin seçki prosesinə təsir cəhdlərinin müşahidə olunduğunu qeyd edib.
Missiya rəhbərindən xarici təzyiq və təsirin nəyi ifadə etdiyi soruşulduqda, o bildirib ki, xarici təzyiqlərə Rusiya Federasiyası tərəfindən tətbiq edilən məhdudiyyətlər, müxtəlif Rusiya rəsmilərinin bəyanatları və Ermənistanın suverenliyinə yönəlmiş təhdidlər daxildir.
Sualın ikinci hissəsinə cavab olaraq isə o, Avropa İttifaqı və ABŞ-ın yüksək vəzifəli nümayəndələrinin Ermənistana səfərlərinə diqqət çəkib. Onun sözlərinə görə, aşkar edilən müxtəlif problemlərə baxmayaraq, seçicilərə real seçim imkanı yaradılıb, proses yaxşı təşkil olunub, seçki komissiyaları şəffaf fəaliyyət göstərib və iclaslar canlı yayımlanıb.
“Seçki kampaniyası kəskin şəkildə qütbləşmişdi və təxribatçı, eləcə də təhqiramiz ritorika ilə müşayiət olunurdu. 2021-ci il seçkiləri ilə müqayisədə müəyyən irəliləyiş müşahidə olunsa da, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələrinin əksəriyyəti hələ də yerinə yetirilməyib”, – deyə Janez Lenarçiç vurğulayıb.