Asiya İnkişaf Bankı Gürcüstanın fiskal idarəetmə, kapital bazarları və pensiya sistemində islahatlara dəstək üçün 100 milyon dollar krediti təsdiqləyib
Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın fiskal idarəetmə, kapital bazarları və pensiya sistemində islahatları dəstəkləmək üçün 100 milyon dollar məbləğində siyasətə əsaslanan krediti təsdiqləyib.
Asiya İnkişaf Bankından verilən məlumatda bildirilir ki, fiskal davamlılıq və sosial müdafiə proqramının ikinci alt proqramı 2020-ci ildə təsdiq edilmiş birinci alt proqramın nəticələrinə əsasən həyata keçiriləcək. Birinci alt proqram “Covid-19” pandemiyası dövründə Gürcüstanın makroiqtisadi sabitliyini təşviq etmək məqsədi daşıyırdı.
“Gürcüstan “Covid-19″ çağırışlarının öhdəsindən uğurla gəldi və bu, ölkəyə ani iqtisadi yüksəliş əldə etməyə imkan verdi, lakin geosiyasi hadisələr iqtisadi proqnozları çətinləşdirə bilər. Sözügedən alt proqramla Asiya İnkişaf Bankı başladılmış islahatlar prosesini başa çatdırmaqda Gürcüstanı dəstəkləyir, bu da hökumətə maliyyə risklərini idarə etməyə, kapital bazarlarını, eləcə də sosial müdafiə proqramlarını inkişaf etdirməyə imkan verəcək” – deyə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Evqeni Jukov bildirib.
Asiya İnkişaf Bankından bildiriblər ki, ikinci alt proqram təbii təhlükələr və iqlim dəyişikliyi nəticəsində yaranan fiskal risklərə qarşı dayanıqlığın artırılması məqsədilə ölkənin institusional potensialının inkişafına töhfə verəcək.
“Bu proqram həm də dövlət mülkiyətində olan müəssisələrin korporativ idarəçiliyinin daha da inkişaf etməsinə kömək edəcək. Proqram xarici borcla əlaqəli yüksək valyuta və yenidən maliyyələşdirmə riskləri nöqteyi-nəzərdən ölkənin makroiqtisadi şoklara qarşı dayanıqlığını gücləndirəcək. Proqram həmçinin pensiya sistemində iştirak edənlərin töhfələrini təşviq etməyə və könüllü töhfələr sisteminin tətbiqinə kömək edəcək.
“Gürcüstanın yaşlı əhalisinin rifahını fiskal cəhətdən dayanıqlı şəkildə təmin etmək üçün pensiya sistemində islahatlar çox vacibdir. AİB-in proqramı makroiqtisadi sabitliyi təşviq etməklə ölkənin gələcək inklüziv iqtisadi inkişafına töhfə verəcək” – deyə AİB-in dövlət maliyyəsi üzrə mütəxəssisi Rocerio de Almeida Vieira de Sam açıqlayıb.
Gürcüstan 2007-ci ildən AİB-in üzvüdür və bank ölkənin inkişafını təşviq edən ən böyük çoxtərəfli tərəfdaşlardan biridir. Gürcüstan üçün təsdiqlənmiş kreditlərin ümumi məbləği 3,92 milyard ABŞ dollarını təşkil edir, texniki yardımın həcmi isə 28,9 milyon ABŞ dollarıdır. AİB-in Gürcüstanda inkişaf prioritetləri ticarətin təşviqi, iş yerlərinin yaradılması və regional iqtisadi dəhlizlər vasitəsilə yoxsulluğun azaldılmasıdır. AİB-in məqsədi Asiya-Sakit okean regionunun uğurlu, çoxtərəfli, davamlı inkişafına töhfə verməkdir. Eyni zamanda, təşkilat regionda ifrat yoxsulluğun aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. 1966-cı ildə əsası qoyulan təşkilat 68 ölkəni birləşdirir, onlardan 49-u Asiya regionundan təmsil olunur.