Aprelin 24-dən etibarən paytaxt küçələrinin sistemli şəkildə yuyulmasına başlanacaq
Aprelin 24-dən paytaxt küçələrinin intensiv təmizlənməsinə başlanılacaq – bu barədə Tbilisi meri Kaxa Kaladze “Facebook” sosial şəbəkəsi vasitəsilə danışıb.
Kaxa Kaladze “Tbilservice Group”un sistemli şəkildə küçələri yenilənmiş texnika ilə yuyacağını deyib. O, zərurət yaranacağı təqdirdə meriyanın Daxili İşlər Nazirliyindən kömək istəyəcəyini bildirib.
“Zərurət yaranacağı təqdirdə kömək istəyə bilərik, Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Xidməti bizə kömək edəcək. Hər zaman olduğu kimi, onlar bizim yanımızdadırlar. Yanğınsöndürən avtomobilləri nəzərdə tuturam, onların vasitəsilə biz maksimal şəkildə çox küçədə təmizlik işləri apara bilərik. Bazar ertəsindən, aprelin 24-dən işə başlamalıyıq” – deyə Kaxa Kaladze açıqlayıb.
Paytaxt merinin müavini Andria Basilaia “Tbilservice Group”un bu il işlərin effektiv şəkildə yerinə yetirilməsi üçün malik olduğu yenilənmiş resurslardan danışıb.
“Əvvəlki illərdə də genişmiqyaslı təmizlik işləri aparmışıq, lakin “Tbilservice Group”un lazımi texniki avadanlıqları yox idi. İndi biz artıq hər cür avadanlıq almışıq və tezliklə küçələrin sistemli şəkildə yuyulmasına başlamağa hazırıq. Yüzdən çox küçə, bütün mühüm panduslar, prospektlər, yolayrıcları və s. qaydasına salınacaq” -deyə Andria Basilaia açıqlayıb.
“Tbilservice Group”un rəhbəri Davit Paçulia artıq yeni avadanlıqların alındığını və onların vasitəsilə hər gecə səhərə qədər işlər aparılacağını deyib.
“Bu il ötən illə müqayisədə yaxşı vəziyyətdəyik. Təxminən 15 ədəd xüsusi texnika aldıq. Bu il ötən ildən fərqli olaraq yayı 20 ədəd xüsusi texnika ilə qarşılayacağıq. Gündəlik olaraq yüzdən çox küçə, maqistral yollar, panduslar, tunellər, körpülər, o cümlədən birinci və ikinci dərəcəli küçələr yuyulacaq. Bu birdəfəlik olmayacaq, bütün yay boyu, hər gün davam edəcək. İşlər gecə saat 00:00-dan başlayacaq və 07:30-a kimi davam edəcək. Texnika ilə əlaqəli problem həllini tapıb. Keçən il öz texnikamızın şəhəri çirkləndirməsi də böyük problem idi, bu il bizdə artıq bu problem də yoxdur, xüsusi texnika alınıb” – deyə Davit Paçulia açıqlayıb.