Apellyasiya məhkəməsi Gürcüstanın Birinci Kanalının operatoruna qarşı fiziki zorakılıqda təqsirli bilinən iki nəfər barəsində ittihamları ağırlaşdırıb
Tbilisinin Apellyasiya Məhkəməsi 5 İyul məsələsi üzrə, Gürcüstanın Birinci Kanalının operatoru İlia Tvaliaşviliyə qarşı fiziki zorakılıqda təqsirli bilinən iki nəfər barəsində ittihamları ağırlaşdırıb.
Hakim Natia Barbakadzenin qərarıyla İlia Tvaliaşvili epizodu üzrə təqsirli bilinən şəxslərin sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi ilə cəzaları ağırlaşdırılıb və 3-3 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə bir məhkum Qiorqi Mağradzeni iclas salonunda saxlayıb, Qiorqi Tsaruaşvili barəsində isə axtarış elan olunacaq.
“Tbilisinin Apellyasiya Məhkəməsi ittihamçı tərəfin vəsatətini və apellyasiya şikayətini qismən təmin edib, bu o deməkdir ki, təqdim olunan 7 müttəhimdən ikisinin ittihamı ağırlaşdırılıb. Onlar cəza olaraq 3-3 il müddətinə azadlıqdan məhrum ediliblər. Söhbət İlia Tvaliaşvilinin epizodundan gedir, təqdim olunan iki məhkum bir il üç ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin ittihamçı tərəfin tibbi ekspertizanın rəyini əlavə sübut olaraq Tbilisinin Apellyasiya Məhkəməsinə təqdim etməsindən və qeyd olunan sübutları tədqiq etdikdən sonra ittihamçı tərəf müvafiq apellyasiya şikayətindən irəli gələrək, sağlamlığa qəsdən yüngül ziyan vurmağı nəzərdə tutan ittiham üzrə yuxarıda adı çəkilən şəxslərin təqsirli bilinməsini tələb edib. Məhkəmə ittihamçı tərəfin mövqeyi ilə tam razılaşıb, onların hər biri barəsində 3-3 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarıb. İclas salonunda şəxslərdən biri Qiorqi Mağradze yerindəcə həbs edilib, digər şəxs Qiorqi Tsaruaşvili isə iclasda olmayıb və onun barəsində müvafiq axtarış tədbirləri həyata keçiriləcək” – deyə işin prokuroru Qriqol Nişnianidze açıqlayıb.
Apellyasiya məhkəməsi qeyd olunan epizod üzrə təqsirləndirilən daha 5 nəfər barəsində şəhər məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.