Antoniu Koşta bəyan edir ki, Avropa İttifaqı daha çox iş görmək və Kanada ilə mümkün qədər sıx əməkdaşlıq etmək istəyir
Avropa Şurasının Prezidenti Antoniu Koştanın bəyanatına görə, Avropa İttifaqı daha çox iş görmək və Kanada ilə mümkün qədər sıx əməkdaşlıq etmək istəyir.
Antoniu Koştanın “Politico” nəşrinə verdiyi müsahibədə bildirdiyinə görə, Avropa İttifaqı Ottava ilə mümkün qədər yaxın münasibətlər qurmaq istəyir. Ondan “assosiasiyalı üzvlük” anlayışının nə ifadə etdiyini izah etmək xahiş olunduqda, Koşta bildirib: “Bu konsepsiya, mahiyyətcə, bizim daha çox iş görmək və Kanada ilə mümkün qədər sıx əməkdaşlıq etmək istədiyimiz mənasına gəlir”. Hərçənd, onun sözlərinə görə, kiçik bir problem var – Kanada coğrafi baxımdan Avropa ölkəsi deyil və buna görə də Avropa İttifaqına üzvlük üçün müraciət edə bilməz.
Avropa İttifaqı və Kanada 2016-cı ildə mühüm ticarət sazişi imzalayıblar. CETA adı ilə tanınan bu saziş növbəti il qüvvəyə minsə də, Fransa, İtaliya və Belçika da daxil olmaqla, Avropa İttifaqının on ölkəsi tərəfindən hələ də ratifikasiya edilməyib. Avropa Şurasının Prezidentinin bildirdiyinə görə, Avropa İttifaqı Kanada ilə ticarətdən daha çox iş görə bilər.
“Biz müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik. Süni intellekt, kvant texnologiyaları və yeni texnoloji çağırışlara investisiya qoymaqda əməkdaşlıq edə bilərik. Biz eyni baxışlara malik və etibarlı tərəfdaşlar olduğumuz üçün demokratiyanın gücləndirilməsi yolunda onlarla birgə işləyə bilərik”, – Antoniu Koşta qeyd edib.
Bununla yanaşı, Koşta Ottava ilə gələcək münasibətlərin müəyyənləşdirilməsində oktyabrın 29-30-da Monrealda keçirilməsi planlaşdırılan Kanada-Avropa İttifaqı sammitini əsas məqam kimi göstərib. Məlumat üçün bildirək ki, ötən həftə Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen Kanada ilə birgə işləmək istədiyini bəyan edərək, bunun “ölkə üçün Avropa İttifaqının ilk assosiasiyalı üzvlüyünə qapı açacağını” vurğulayıb.