Ancey Duda NATO şərq cinahını gücləndirmək qərarına gələrsə, Polşanın öz ərazisində nüvə silahını yerləşdirməyə hazır olduğunu bildirir
Polşa prezidentinin sözlərinə görə, NATO şərq cinahını gücləndirmək qərarına gələrsə, Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır.
“Rusiya getdikcə Köniqsberq bölgəsini hərbiləşdirir. Rusiya bu yaxınlarda Belarusda nüvə silahı yerləşdirib. Əgər müttəfiqlər NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək məqsədilə bizim ərazimizdə nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq”, – deyə Ancey Duda Polşa mediaya müsahibəsində bildirib.
Dudanın sözlərinə görə, bu məsələ bir müddətdir ki, Polşa ilə ABŞ arasında danışıqların mövzusu olub.
“Mən bu barədə artıq bir neçə dəfə danışmışam. Təsdiq etməliyəm ki, məndən bu barədə soruşduqda hazırlığımızı təsdiqlədim”, – deyə Duda deyir.
Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, “Rusiya öz təhlükəsizliyinə zəmanət vermək üçün lazımi cavab addımlarını atacaq”.
Məlumat üçün bildirək ki, Polşa prezidenti ötən həftə Nyu-Yorkda olub və orada Donald Trampla görüşüb. Polşa mediasına açıqlamasında Duda Trampı dost adlandırıb.
“Mən onunla söhbət etməyi xoşlayıram, çünki o, çox maraqlı şəxsdir və həm siyasətdə, həm də biznesdə böyük təcrübəyə malikdir”, – deyə Polşa Prezidenti bildirib.