Andrey Sibiqa Vadepulun Sergey Lavrovla görüşündən sonra almaniyalı həmkarı ilə telefon danışığı aparıb

12:13, 27.09.2026

Vadepulun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa almaniyalı həmkarı İohan Vadepulla telefon danışığı aparıb.

Ukraynanın xarici işlər naziri Kiyevin mövqeyini Rusiya tərəfinə çatdırdığına görə alman həmkarına təşəkkür edib.

“Nazir Vadepula bizim ortaq, qətiyyətli mövqeyimizi Rusiya tərəfinə çatdırdığına görə minnətdaram: o, Moskvanı müharibəyə son qoymağa çağırıb, Ukraynaya sarsılmaz dəstəyini növbəti dəfə təsdiqləyib və Rusiya tərəfinə Avropaya qarşı növbəti düşmənçilik hərəkətlərinin yolverilməz olduğu barədə xəbərdarlıq edib. Biz sülh səylərini gücləndirmək və atəşkəsə nail olmaq istiqamətində atılacaq birgə addımları müzakirə etdik. Həmçinin Rusiyaya qarşı təzyiqlərin artırılması və qış ərəfəsində Ukraynanın davamlılığının gücləndirilməsi yolları barədə danışdıq. Ukraynaya verdiyi mühüm töhfələrə və göstərdiyi liderliyə görə Almaniyaya təşəkkürümü bildirdim”, – Sibiqa sosial şəbəkədə yazıb.

Məlumat üçün bildirək ki, Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan Vadepul və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Almaniya mediasının məlumatına görə, Vadepul Lavrovu Rusiyanın “Almaniya, Avropa və NATO-ya qarşı təhlükəli eskalasiya yolundan imtina etməyə” çağırıb.

Oxşar