Anaklia limanının tikinti işləri üçün beynəlxalq tender elan edilib
Dünya Bankının satınalma prosedurlarına əsasən, Anaklia limanının dəniz infrastrukturunun layihələndirilməsi və tikinti işləri üçün beynəlxalq tender elan edilib.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.
Tender sənədləri dörd böyük şirkətə (Boskalis, DEME, Jan De Nul, Van Oord) göndərilib.
Qurumun verdiyi məlumatda, adıçəkilən şirkətlərin dəniz işlərinin layihələndirilməsi və həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğu deyilir.
“Limanın dəniz işlərinin böyük hissəsinin dibdərinləşdirmə işləri olması və bu şirkətlərin isə qlobal dibdərinləşdirmə donanmasının 80 faizinə sahib olması vacibdir.
İşlərin satın alınması üçün tender sənədlərinin Avropa şirkətlərinə (“böyük dördlük”) göndərilməsinin məqsədəuyğunluğu HAEDES B.V beynəlxalq konsaltinq şirkəti ilə məsləhətləşmələr nəticəsində müəyyən edilib. MMC “Anaklia Dəniz Limanı” sözügedən şirkəti işlərin vaxtında, etibarlı və yüksək keyfiyyətlə yerinə yetirilməsi, texniki tapşırıqların hazırlanması və təqdim ediləcək təkliflərin seçilib qiymətləndirilməsi məqsədi ilə kirayələyib.
Sözügedən satınalma üçün məhdud beynəlxalq bazar yanaşmalarından istifadə etməklə bir mərhələli satınalma prosedurundan istifadə olunacaq. Dəvət olunmuş iddiaçılar texniki və maliyyə istiqamətləri üzrə tender təklifləri təqdim etməlidirlər.
Tələblərə/seçim meyarlarına cavab verən və ən yüksək ümumi (texniki təklif balı və maliyyə təklifi balı) balı olan təklif qalib elan ediləcək.
İştirakçılara tender sənədləri ilə bağlı aydınlaşdırıcı suallar vermək və rəqabət qabiliyyətli tender təkliflərini hazırlamaq (təqdim etmək) üçün 45 gün müddət verilib” – məlumatda qeyd olunub.
Nazirlikdən verilən izahata görə, iddiaçılar tərəfindən təqdim olunmuş təkliflərin texniki və maliyyə baxımından qiymətləndirilməsi beynəlxalq məsləhətçilərlə birlikdə MMC “Anaklia Dəniz Limanı” tərəfindən xüsusi yaradılmış tender komissiyası tərəfindən təmin ediləcək.
“Həmçinin diqqətəlayiq haldır ki, layihənin miqyasından irəli gələrək və müvafiq tələblər nəzərə alınmaqla, praktikada belə satınalmalar xarici şirkətlərin fəal iştirakı və yüksək rəqabət səviyyəsi ilə seçilir, oxşar miqyaslı tenderlərdə bunu beynəlxalq maliyyə institutları, donor təşkilatların prosedurları, onların standart şərtləri və ixtisaslılıq tələbləri, eləcə də imzalanacaq müqavilələr üçün FIDIC tipli tikinti müqaviləsi şərtlərindən istifadə şərtləndirir.
2023-cü ildə dövlət tərəfindən yaradılmış MMC “Anaklia Dəniz Limanı” dəniz infrastrukturunun tikintisi üçün hazırlıq işlərini artıq həyata keçirib – əsas layihə sənədləri yenilənib/yaradılıb, konsaltinq şirkəti kirayələnib, sözügedən şirkət tender sənədlərinin hazırlanmasında və hazırda elan edilmiş beynəlxalq tenderdə iştirak edir, bu tender nəticəsində də qalib seçiləcək, Anaklia dərin su limanının dəniz hissəsinin tikinti prosesi başlayacaq. Sənədlərin yenilənməsi və liman üçün zəruri olan müəyyən işlər özəl tərəfdaşın seçilməsi ilə paralel həyata keçiriləcək.
MMC “Anaklia Dəniz Limanı”na əsaslı töhfə olaraq birinci mərhələdə tikinti işləri üçün lazım olan torpaq sahələrinin bir hissəsi verilib.
Anaklia limanı layihəsinin reallaşdırılması minlərlə yeni iş yerinin yaradılmasına, yerli əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, Gürcüstan ərazisindən keçən nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasına, Gürcüstan ərazisindən keçməklə yeni yük axınının cəlb olunmasına, eləcə də limanın yaxınlığında istehsal və logistika xidmətlərinin inkişafına töhfə verəcək” – Gürcüstanın İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda qeyd edilir.