Anaklia dərin dəniz limanının dəniz infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə tenderdə qalib olaraq Belçika şirkəti müəyyən edilib
Anaklia dərin dəniz limanının dəniz infrastrukturunun tikinti işlərinin həyata keçirilməsi üçün elan edilən beynəlxalq tenderin qalibi olaraq dırnaqarası böyük dördlükdən böyük Belçika şirkəti “Jan De Nul” seçilib – bu haqda məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.
Qurumdan verilmiş məlumata əsasən, danışıqlar başa çatdıqdan sonra dünyanın ən böyük Avropa şirkətlərindən biri Anakliada limanın akvatoriyasının dərinləşdirmə işlərini və dalğaqırıcının tikintisi işlərini həyata keçirəcək.
“Tender komissiyası ən yaxşıların ən yaxşısını seçdi. Tenderdə dörd şirkətdən üçü iştirak etdi. Onların hamısı Avropa şirkətidir və sözügedən fəaliyyət üzrə ən yaxşı beynəlxalq nüfuza malikdirlər. Tenderə dəvət olunan şirkətlər dünya dibdərinləşdirmə donanmasının 80 faizinə sahibdirlər. Belçikanın “Jan De Nul” şirkəti 1938-ci ildə yaradılıb və dövriyyəsi 2,5 milyard avro təşkil edir, 7000-dən çox işçisi var. Şirkət Panama Kanalının genişləndirilməsi layihəsində fəal iştirak edib, bundan başqa dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Fars körfəzi, Afrika və s. layihələr həyata keçirib və ya həyata keçirir.
Anaklia dərin dəniz limanı Avropa və Asiyanın nəqliyyat sistemlərini birləşdirməli olan ölkəmizin vizit kartı olacaq. Beləliklə, onun tikintisi və inkişafı üçün Gürcüstan hökuməti yalnız yüksək nüfuza malik şirkətlər və maliyyə institutları ilə əməkdaşlıq edəcək. Tender komissiyasının beynəlxalq məsləhətçilərin iştirakı ilə ən yaxşısı hesab etdiyi və müqavilə haqqında danışıqlara başlamaq /müqavilə imzalanması üçün artıq dəvət göndərdiyi Belçikanın “Jan De Nul” şirkəti bunun bariz nümunəsidir.
Anaklia dərin dəniz limanı ölkəmizin strateji layihəsidir. Onun vasitəsilə Gürcüstan özünün geostrateji funksiyasını möhkəmləndirməlidir- Avropa və Asiyanın nəqliyyat sistemlərini birləşdirməli, bugünkü gündə Qərblə Şərq arasında ən qısa və təhlükəsiz yol olan Orta Dəhlizdə yük axınına xidmət göstərməlidir. Anaklia limanı Gürcüstanın iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə, beynəlxalq sərmayələri cəlb edə və minlərlə yeni iş yeri yarada biləcək. Üstəlik, Anaklia limanının uğurlu fəaliyyəti təkcə Gürcüstanın deyil, Orta Dəhlizin digər ölkələrinin də rəqabət qabiliyyətinin artırılmasına yönəldiləcək.
Anaklia dərin dəniz limanında ilk gəmilərin qəbulu 2029-cu ildə planlaşdırılır, bu da Gürcüstanın nəqliyyat və logistika infrastrukturu vasitəsilə yük axınını artıracaq. Limanın birinci mərhələsinin gücü ildə 600 min konteyner olacaq, təxmini dəyəri isə 600 milyon ABŞ dollarıdır” – İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında qeyd olunub.