Ana Natsvlişvili və Armaz Axvlediani pirotexniki vasitələrin qadağan edilməsi məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edirlər
Gürcüstan parlamentinin müxalifətdən olan deputatları Ana Natsvlişvili və Armaz Axvlediani pirotexniki vasitələrin qadağan edilməsi məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edirlər.
Bu gün keçirilən mətbuat konfransında adıçəkilən deputatlar açıqlayıblar ki, qanun layihəsində təhlükəsizlik məsafəsi bir metr və ya ondan az olan və qapalı məkanda istifadə oluna bilən F1 kateqoriyalı pirotexniki vasitələr istisna olmaqla, pirotexniki vasitələrin ölkəyə gətirilməsi, saxlanması və satışının qadağan edilməsi nəzərdə tutulur, digər kateqoriyalı pirotexniki vasitələrdən istifadəyə isə yalnız hökumətin qərarı əsasında, birdəfəlik xüsusi hallarda icazə verilir.
Natsvlişvili insanların əylənmək üçün nəzarətsiz şəkildə pirotexniki vasitələrdən istifadə etdiklərini, bunun da tez-tez onların və ya ətrafdakı insanların sağlamlığına ciddi ziyanla müşaiyət olunduğunu, eləcə də ətraf mühitin ziyan görməsi ilə yanaşı, quşların və heyvanların da kütləvi şəkildə ölümü və başqa cür ziyanla nəticələndiyini bildirir. Deputat qanun layihəsinin qəbulundan sonra pirotexniki vasitələrdən qanunsuz istifadəyə görə fiziki və hüquqi şəxslərin- 1000 və 5000 lari məbləğində cərimə olunacaqlarını bildirib.
“Son bir ildə pirotexniki vasitələrin qadağan edilməsi tənzimləmələri əsasında artıq inzibati qaydada cərimə edilmiş şəxs tərəfindən qanunsuz olaraq pirotexniki vasitələrin ölkəyə gətirilməsi, saxlanması, satışı və/və ya istifadəsi cinayət məcəlləsi qaydası ilə cəzalandırılır. Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi tərəfindən təşəbbüsçülərə verilən rəsmi məlumata əsasən, təkcə 2023-cü ilin yanvar ayında pirotexniki vasitələrdən istifadə nəticəsində zərər çəkmiş 87 vətəndaş mərkəzə kömək üçün müraciət edib, onlardan 19-nun yaşı 18-dən aşağı olub, 41 halda xəstəxanaya yerləşdirmə labüd olub. Təcrübənin müşahidəsi və rəsmi qurumlardan alınan məlumatlar əsasında aparılan təhqiqat mövcud tənzimləmələrin praktikada yerinə yetirilmədiyini göstərdi”- deyə Natsvlişvili açıqlayıb.