Amerikalı vəkil Mixeil Saakaşvilini ziyarət edib. Vəkil Masimo Danqelo “Vivamed” klinikasını tərk edərkən bildirib ki, Saakaşviliyə baş çəkməyə gələn həkim Ceyms Kobun onu görməsinə hələ də icazə verilmir.
“Biz buraya gəlmək, bu ölkə və xalq üçün çox vacib olan, burada sosial kimliyin yaradılmasına kömək edən prezident Saakaşvilini görmək üçün çox yol qət etdik. Biz birbaşa ABŞ və Ukrayna səfirlikləri ilə işləyirik. Nobel Sülh Mükafatını qazanmış həkim Ceyms Kob da bizimlədir. O, prezident Saakaşvilini ziyarət etməyi gözləyir. Prezident Saakaşvilini görmək üçün hələ də giriş təsdiqimiz yoxdur. Gürcüstan tarixində ilk dəfədir ki, Nobel Sülh Mükafatı laureatı pasiyentlə görüşə gəlir və hələ ki, buna imkan verilməyib. Biz Saakaşvilinin vəziyyətini qiymətləndirmək üçün həkim Kobiyə icazə almağa çalışırıq” – deyə Masimo Danqelo bildirib.
Mixeil Saakaşvilinin digər vəkili Şalva Xaçapuridze ərazidə olub və Saakaşvilinin amerikalı vəkilinin Akerman hüquq şirkətini təmsil etdiyini bildirib.
“Akerman Amerikanın yeddi ən yaxşı hüquq firmasına daxildir. Onun Amerikada 700-ə yaxın vəkili var. O, oxşar işlərdə çoxlu təcrübəyə malikdir. O, bir çox tanınmış şəxslərin işində vəkil kimi iştirak edib və Amerikadan da vəkil kimi bu işə qoşulub. Lakin bizim qanunvericiliyimizə görə, onun məhkəmə prosesinə çıxış hüququ olmayacaq, bu səbəbdən o, məhkəmədə oxşar işlərdə Amerika və beynəlxalq hüququn praktikasını və istiqamətlərini təsvir edən məhkəmə dostunun rəyini təqdim edəcək. O, cənab Saakaşvili ilə hüquqi məsələləri müzakirə edəcək. Bildiyiniz kimi, haqqında danışdığımız bu maddə, yəni 238-ci maddə bütün Cinayət-Prosessual Məcəllədə hüquq və tibbin birləşdiyi yeganə maddədir. Gürcüstanda bu qədər uzun müddətdir ki, konkret ciddi təcrübə formalaşmayıb. Saakaşvili bu məsələdə də birincidir və onun işində bu təcrübə tətbiq olunacaq. Belə olan halda, əlbəttə ki, yekun ekspert rəyində ciddi pasiyent olduğu vurğulanacaq”- deyə Şalva Xaçapuridze bildirib.
O bildirib ki, ekspertlər yaxın günlərdə Gürcüstana gələcək və Saakaşvilinin məsələsinə qoşulacaqlar.
“İndi, ekspert rəyinə gəlincə, bu gün-sabah iki ekspert gələcək, biri Laxandır, digərinin soyadını çəkmirəm. Üçüncü ilə bağlı, nəsə səhv tapdılar və sabah daxil edəcəyik ki, bu nəticə çərşənbə və ya cümə günü verilsin. Prinsipcə, cənab Saakaşvili ilə əlaqədar ekspert işi bu həftə və ya o həftənin əvvəlində yekunlaşacaq. Biz onların yazılı sənədlərini gözləyəcəyik, bu da çox qısa vaxt çərçivəsində olacaq, çünki əsasən bu ekspertlər işin materialları və xəstəliyin tarixi ilə tanışdırlar. Onların yeganə istəyi və tələbi pasiyent ilə şəxsən görüşmək və müayinə etmək olub. Sənədlər demək olar ki, hazırdır. Sabah nevroloq cənab Laxan onu ziyarət etməlidir. Üçüncü ekspertlə bağlı isə cavab gözləyirik və mən ikinci ekspertin, travmatoloqun adını çəkməyəcəm. Prosesə bir neçə gürcü həkim də qoşulub və bu da bu günlərdə açıqlanacaq. Amerikadan olan qastroenteroloqla əlaqədar Səhiyyə Nazirliyindən icazə gözləyirik” – deyə Şalva Xaçapuridze bildirib.