Almaniyanın regional seçkilərinin ilkin nəticələrinə görə, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası liderlik edir
Almaniyanın regional seçkilərinin ilkin nəticələrinə görə, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası liderlik edir

 

Almaniyada regional seçkilərin ilkin nəticələrinə görə, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası Tiurinqiada qalib gəlib və Saksoniyada ikinci yerə çıxıb.

Səslərin hesablanmasından sonra ilkin nəticələr Tiurinqiada “Almaniya üçün Alternativ” partiyasının 32,8 faiz səs topladığını göstərir. Bu, İkinci Dünya Müharibəsindən sonra Almaniyada ifrat sağçıların regional parlament seçkilərində qalib gəlməsinin ilk halıdır.

Mühafizəkar “Xristian-Demokratik İttifaqı” 23,6% səslə ikinci yerə çıxıb. Onu 15,8% səslə yeni yaradılmış solçu “Sara Vaqenknext İttifaqı” partiyası izləyir.

Almaniyanın hakim koalisiyasına daxil olan partiyalar zəif nəticələr göstəriblər. Kansler Olaf Şoltsun “Sosial Demokrat Partiyası” 6,1 faiz səs toplayıb. “Yaşıllar” və “Azad Demokratlar” isə 5%-lik seçki səddini keçə bilməyiblər.

Saksoniyada ilkin nəticələrə görə, seçicilərin 31,9%-nin dəstəklədiyi “Xristian-Demokratik İttifaqı” qalib gəlib, səslərin 30,6%-ni qazanmış “Almaniya üçün Alternativ” ondan bir qədər geridə qalıb. 3-cü yerə çıxmış “Sara Vaqenknext İttifaqı”na seçicilərin 11,8%-i səs verib.

Saksoniyada Olaf Şoltsun “Sosial Demokrat Partiyası” 7,3 faiz, “Yaşıllar” isə 5,1 faiz səs toplayıb.

Bu nəticələr həmin bölgələrdə hökumətin formalaşması prosesinin çətin olacağı mənasına gəlir. “Xristian-Demokratik İttifaqı” ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası ilə koalisiya yaratmağı planlaşdırmadığını bildirir.

Regional seçkilər federal parlament seçkilərindən bir il əvvəl keçirildi.

Bundestaqın seçkiləri 2025-ci ilin sentyabrın 28-də keçiriləcək.