Almaniyanın federal daxili işlər naziri Nensi Fezer Gürcüstanda səfərdədir
Almaniyanın federal daxili işlər naziri Nensi Fezer nümayəndə heyəti ilə birlikdə ilk dəfə Gürcüstanda rəsmi işgüzar səfərdədir. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.
İdarənin yaydığı məlumatda Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze və Gürcüstanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan İzorianın federal naziri Tbilisi Beynəlxalq Hava Limanında qarşıladıqları deyilir.
“Səfər çərçivəsində Nensi Fezer Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşlər keçirəcək.
Qeyd etmək lazımdır ki, cari ilin dekabrın 15-də Almaniya parlamenti Gürcüstanın təhlükəsiz mənşəli ölkə kimi tanınması ilə bağlı qanunvericilik aktı qəbul edib. Almaniya hökumətinin qəbul etdiyi bu qərar Gürcüstanın hüquqi və demokratik dövlət olduğunu, burada insan hüquqlarının lazımi səviyyədə qorunmasının təmin edildiyini təsdiqləyir.
Səfər çərçivəsində Gürcüstan hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında miqrasiya və mobillik haqqında sazişin imzalanması planlaşdırılır. Müqavilə Gürcüstan və Almaniya Federativ Respublikası arasında əmək miqrasiyası və təhsil sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır, bununla yanaşı gürcü tələbə və tədqiqatçılar üçün təhsil və təcrübə proqramları daha intensiv həyata keçiriləcək.
Saziş yuxarıda qeyd olunanlardan başqa, qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutur, bu da vizasız səyahət rejimini pozan Gürcüstan vətəndaşlarının readmissiyası və reinteqrasiyasının təmin edilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, readmissiya proqramı 2010-cu ildə Gürcüstan və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında imzalanmış saziş qüvvəyə mindikdən sonra 2011-ci il martın 1-dən uğurla həyata keçirilir” – deyə DİN-in yaydığı məlumatda qeyd olunub.