Almaniyanın daxili işlər naziri miqrasiya haqqında sazişin imzalanması məqsədilə Gürcüstana səfər edəcək
Almaniyanın daxili işlər naziri Nensi Fezer Gürcüstana səfər edəcək.
Almaniyanın Gürcüstandakı səfirliyinin yaydığı məlumatda deyildiyi üzrə, Nensi Fezer Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə miqrasiya üzrə ikitərəfli sazişi imzalamaq üçün Almaniya hökumətinin miqrasiya sazişi məsələləri üzrə xüsusi nümayəndəsi Yoahim Ştamp ilə birlikdə Gürcüstana gələcək.
“Bu saziş əsasında biz qeyri-qanuni yaşayan vətəndaşların öz vətənlərinə qaytarılması məsələlərində mövcud uğurlu əməkdaşlığı daha da genişləndirəcəyik. Bu, qeyri-qanuni miqrasiyanın azaldılması istiqamətində irəliyə doğru atılan daha bir addımdır” – Almaniyanın daxili işlər naziri Nensi Fezer açıqlayıb.
Səfirlikdə miqrasiya ilə bağlı sazişin qanunsuz miqrasiyanın azaldılması üçün əsas olacağını və bunun, hər iki ölkənin maraqlarına uyğun olduğu deyilir.
Almaniya səfirliyindən verilən məlumata əsasən, saziş mövsümi məşğulluğu təşviq edəcək, Gürcüstan vətəndaşlarının Almaniyada işlə təmin olunması üçün məqsədyönlü imkanlar yaradacaq və mütəxəssis təhsili sahəsində əlaqələri gücləndirəcək.