Almaniyada dəmir yolu şirkəti rabitə sistemlərində yaranmış nasazlıq səbəbindən qatarların hərəkətini dayandırıb
Almaniyanın dəmir yolu operatoru Deutsche Bahn rəqəmsal sistemlərdə yaranan nasazlıq səbəbindən ölkə üzrə qatarların hərəkətini dayandırıb. Bu barədə BBC məlumat yayıb.
Şirkətin açıqlamasına görə, daxili kommunikasiya sistemlərində problem yaranıb. Təhlükəsizlik məqsədilə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Deutsche Bahn nümayəndəsinin sözlərinə görə, texniki qruplar problemin aradan qaldırılması üçün “maksimum güclə” çalışırlar. Lakin dəmir yolu əlaqəsinin tam olaraq nə vaxt bərpa ediləcəyi hələ məlum deyil.
Vətəndaşlara səfərlərdən mümkün qədər çəkinmək və ya alternativ nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur. Şirkət ölkə üzrə ciddi gecikmələr, hərəkət qrafikində pozuntular və reyslərin ləğv ediləcəyini bildirib.