Almaniya Gürcüstanın Avropa İttifaqına daxil olmasının da müzakirə olunduğu milli təhlükəsizlik strategiyasını qəbul edib
Almaniya milli təhlükəsizlik strategiyasını qəbul edib və strategiyada ilk dəfə Gürcüstanın Avropa İttifaqına daxil olması da müzakirə olunur.
76 səhifəlik sənəddə qeyd olunur ki, Almaniyanın təhlükəsizlik siyasətinin əsas vəzifəsi Almaniyanın sülh və azadlıq şəraitində yaşamağa davam etməsini təmin etməkdir.
“Bunun üçün biz NATO və Avropa İttifaqına qətiyyətlə sadiqik və biz Bundesveri gücləndiririk ki, o, ölkənin və alyansın müdafiəsi olan əsas missiyasını yerinə yetirə bilsin”, – deyə Alman hökuməti tərəfindən hazırlanmış sənəddə deyilir.
Strategiya Almaniyanın hərbi xərclərini ÜDM-in 2%-nə qədər artırmaq niyyətindən bəhs edir və Bundesver Avropada adi müdafiə qüvvələrinin əsası kimi qeyd olunur.
Sənəddə həmçinin Avropa İttifaqının genişlənməsindən danışılır və bu kontekstdə Ukrayna, Moldova və Gürcüstanın gələcək üzvlüyündən bəhs edilir.
“Məqsədimiz sülhsevər, azad və vahid Avropadır. Biz Avropa ittifaqının gələcək nəsillər üçün öz təhlükəsizliyini və suverenliyini təmin etmək məqsədilə geosiyasi oyunçu olmasını istəyirik. Almaniya federal hökuməti Qərbi Balkan dövlətləri, Ukrayna, Moldova və gələcəkdə Gürcüstanın qəbulu yolu ilə Avropa İttifaqının gələcək inteqrasiyasını, birliyini və genişlənməsini dəstəkləyir”, – sənəddə deyilir.
Sənəddə o da bildirilir ki, Avropa İttifaqının genişlənməsinə hazırlaşmaq üçün Avropa İttifaqı daxilində islahatların aparılması zəruridir.
“Bizim təhlükəsizliyimiz digər regionların sabitliyi və təhlükəsizliyi ilə bağlıdır”, – sənəddə deyilir.
Eyni zamanda milli təhlükəsizlik strategiyasından danışan Almaniya kansleri Olaf Şolts mətbuat konfransında bildirib ki, bu gün Berlin üçün əsas təhlükə Rusiyadan gəlir. Onun sözlərinə görə, bu təhlükə yaxın gələcəkdə də qalacaq.