Almaniya bazarda yaşıl hidrogenin yayılması məqsədilə Gürcüstana 23 milyon avro ayıracaq
Almaniya bazarda yaşıl hidrogenin yayılması məqsədilə Gürcüstana 23 milyon avro ayıracaq

 

Almaniyanın Gürcüstandakı səfirliyindən verilən məlumatda Almaniyanın bazarda yaşıl hidrogenin yayılması məqsədilə Gürcüstana 23 milyon avro ayıracağı deyilir. Almaniya və Gürcüstan hökumətləri Berlində iki günlük hökumət danışıqları zamanı bu barədə razılığa gəliblər.

Səfirliyin məlumatında ümumilikdə tərəflərin növbəti iki illik dövr üçün təxminən 68 milyon avro dəyərində tədbirlər paketi hazırladıqları deyilir.

“Gürcüstan və Almaniya hökumətləri inkişaf siyasəti sahəsində bu gün başa çatmış hökumət danışıqları çərçivəsində enerji sektorunda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi bazarda yaşıl hidrogenin yayılması məqsədilə Gürcüstana 23 milyon avro ayıracaq. Bu əməkdaşlıq Qafqaz regionunda yaşıl hidrogen texnologiyası baxımından ilk investisiya layihəsidir. Çoxlu su elektrik stansiyaları, yüksək günəş radiasiyası və çox yaxşı külək şəraiti sayəsində bölgə bərpa olunan enerji və beləliklə də yaşıl hidrogen potensialına malikdir.

Ayrılan vəsait növbəti illərdə elektroliz zavodunun, hidrogen anbarının və lazımi külək elektrik stansiyasının tikintisinə xərclənməlidir. Tərəflər enerji sektoru ilə yanaşı, digər sahələrdə də əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Tədbirlər paketi növbəti iki illik dövr üçün ümumilikdə 68 milyon avroya qədər vəsaiti əhatə edir. Məsələn, şəhərləri daha dayanıqlı və gələcəyə uyğunlaşdırmaq üçün bütövlükdə Batumi və Acaranın su təchizatı və kanalizasiya sistemləri, eləcə də Tbilisi və Batumidə ictimai nəqliyyat yaxşılaşdırılmalıdır. Həmçinin gürcü şirkətləri üçün mütəxəssislərin hazırlanması planlaşdırılır”- deyə səfirliyin məlumatında qeyd olunub.