Aleksandre Xvtisiaşvili - 30-a yaxın gürcü Sudandadır, vətəndaşlarımızı vaxtında təxliyə etmək üçün tərəfdaşlarımızla intensiv şəkildə işləyirik
Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili hazırda Sudanda 30-a yaxın Gürcüstan vətəndaşı olduğunu bildirir.
Xvtisiaşvilinin qeyd etdiyi kimi, gürcü tərəfi öz tərəfdaşları ilə Gürcüstan vətəndaşlarının təxliyəsi üçün intensiv şəkildə işləyir.
“Orada olan gürcülərlə əlaqə saxlayırıq. İndi 30-a yaxın gürcü var. Bütün digər ölkələrin öz vətəndaşlarına çağırış etdiyi kimi, biz də vətəndaşlarımızdan küçəyə çıxmaqdan və hərəkət etməkdən çəkinmələrini xahiş etmişik. Humanitar dəhliz yaradılması və ya hansısa yolla vətəndaşlarımızı Sudandan vaxtında çıxarmaq, sonra onları təhlükəsiz şəkildə Gürcüstana qaytarmaq imkanı verilməsi üçün tərəfdaşlarımızla intensiv şəkildə işləyirik”-deyə Xvtisiaşvili açıqlayıb.
O, gürcü tərəfinin həm BMT-nin ofisi, həm də beynəlxalq tərəfdaşlarla əlaqə saxladığını və koordinasiyalı şəkildə işlədiyini bildirib.
“Hansısa tərəfin vəziyyəti nəzarətə götürməsi və o tərəflə icazələr və humanitar dəhliz haqqında danışılması üçün atışma və toqquşmalar bu anadək dayanmayıb. Hər iki tərəflə danışmaq imkanımız olması üçün vəziyyətin bir az sakitləşməsini gözləyirik. Hələlik, təəssüf ki, onlar bizimlə danışmırlar, çünki toqquşmalarda iştirak edirlər”- deyə Aleksandre Xvtisiaşvili açıqlayıb.
O, Gürcüstan vətəndaşlarının təhlükəsiz və sağlam olduqlarını deyib.
“Onlar yaşadıqları yerdədirlər və çölə çıxmamağa çalışırlar” – deyə Xvtisiaşvili açıqlayır.
Sudanda ölkə ordusu ilə hərbiləşdirilmiş “Çevik Dəstək Qüvvələri” qrupunun döyüşçüləri arasında toqquşmalar davam edir. Beynəlxalq medianın yazdığı kimi son məlumatlara görə, 59 nəfər həlak olub. 600-dən çox yaralı var.