Aleksandre Tsuladze Gürcüstanın təhsil və elm nazirinin birinci müavini təyin edilib
Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari Aleksandre Tsuladzeni birinci müavin təyin edib.
Aleksandre Tsuladze İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini və Romanın “La Sapienza” Universitetinin hüquq üzrə magistratura proqramını bitirib. O, həmçinin Summa Cum Laude qiymətləndirməsi ilə Tbilisi Dövlət Universitetinin hüquq elmləri doktoru dərəcəsinə malikdir.
Aleksandre Tsuladze 2010-cu ildən Gürcüstanın müxtəlif universitet və təhsil müəssisələrində akademik fəaliyyətlə məşğuldur. O, Kolumbiya Universitetində (Nyu-York, ABŞ) uzunmüddətli tədqiqat təqaüdünü, Maks Plank Beynəlxalq Özəl və Müqayisəli Hüquq İnstitutunda (Hamburq, Almaniya) və Gürcüstanın Şota Rustaveli Milli Elm Fondunda tədqiqat qrantlarını alıb. O, davaların həllinin alternativ üsullarına dair monoqrafiyaların, dərsliklərin və məqalələrin müəllifidir, həmçinin Gürcüstan Mediatorlar Assosiasiyasının təsisçi üzvüdür. 2019-cu ildə o, Gürcüstan parlamenti tərəfindən Gürcüstan Ali Məhkəməsinin ömürlük hakimi seçilib.
Məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyinin mətbuat xidməti yayır.