Aleksandre Motserelia- Ukraynada mübarizə aparan insanların statusunu müəyyən edək və dövlət onların ailələrinə qayğı göstərsin
Parlamentin üzvü, “Gürcüstan Naminə” partiyasının nümayəndəsi Aleksandre Motserelia parlamentin bu gün keçirilən plenar iclasında həmkarlarına müraciət edərək, parlamentin Ukraynada həlak olan gürcü döyüşçüləri ilə bağlı məsələyə baxmasını, onların statusunun müəyyənləşdirilməsini və dövlətin bu insanların ailələrinə qayğını öz üzərinə götürməsini təklif edib.
Aleksandre Motserelia ailəsinin dövlətin dəstəyinə ehtiyacı olan daha bir gürcü döyüşçünün Ukraynada həlak olduğunu bildirib.
“Bu döyüşçü istər 1992-ci ildə Suxumidə, istərsə də 2008-ci ildə Sxinvalidə təslim olmayan döyüşçülər sırasındadır. Bu döyüşçülər bu gün Ukraynada döyüşür, işğalçılara qarşı vuruşur, daha yaxşı sabah üçün, Gürcüstan üçün, Zviad Qamsaxurdianın, Merab Kostavanın qurban getdiyi ideyalar uğrunda mübarizə aparırlar. Onlar bizim Avropa İttifaqına və NATO-ya üzv olmağımız üçün mübarizə aparırlar, ona görə mübarizə aparırlar ki, biz indiki kimi ərazi bütövlüyümüzü bərpa etməyə heç vaxt bu qədər yaxın olmamışıq. Mən Üçlük Katedralında Edişer Kvaratsxelianın yas mərasimində iştirak etdim, çoxlu hərbi mükafatlar gördüm və həmçinin dövlətin dəstəyinə həqiqətən ehtiyacı olan ailə üzvlərini gördüm. Mən həmkarlarımı parlamentdə bu məsələni bir daha müzakirə etməyə çağırıram. Orada döyüşən bu insanların statusunu müəyyən etməli və dövlət bu insanların ailələrinə qayğı göstərməlidir” – deyə Aleksandre Motserelia bildirib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.