Aleko Elisaşvili - müxalifəti birləşdirmək cəhdi indi də tam məğlubiyyətlə başa çatacaq, sanki Marqvelaşvili Kezeraşvilinin üçlüyün sponsoru olduğunu, bundan nə əcəbsandal, nə də çaxoxbili alınacağını bilmir
İndiyədək böyük müxalifət birliyinin bütün cəhdləri tam məğlubiyyətlə başa çatıb və indi də belə olacaq -bu barədə “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili Gürcüstanın Birinci Kanalına Qiorqi Marqvelaşvilinin bəyanatı ilə bağlı açıqlayıb.
Elisaşvili sanki hamının bir yerdə əyləşərək, ümumi məqsəd haqqında danışa biləcəyinin sadəlövhlük olduğunu bildirib.
“Qırmızı xətlərimizi əvvəlcədən desək və bunu nəzərə alaraq ümumi konturlar axtarsaq daha yaxşı olardı. Bir qazana tökərək əcəbsandal hazırlamaq istəyəndə heç nə alınmadı. Mənim üçün əvvəlki hakimiyyətin cinayət törətmiş, pul oğurlayan nümayəndələri qırmızı xəttdir. Mən bütün rüşvətxorlara nifrət edirəm və görünür, indi bəzi rüşvətxorlar situasiya müttəfiqləridir, məsələn, Kezeraşvili. Bu mənim üçün izaholunmazdır. Bu adam ordudan pul oğurlayıb, bəs ondan pulu necə alıb birliyə qoşulmaq olar? Marqvelaşvili məni təəccübləndirir, sanki Kezeraşvilinin həmin üçlüyün sponsoru olduğunu bilmir. Bundan nə əcəbsandal, nə də çaxoxbili alınacaq. Maliyyəçi rüşvətxor olanda və ordudan pul oğurlayanda onunla heç bir əlaqə qurmamalısan, bu işdən heç nə alınmayacaq. Əksər hallarda vasitələr bizi hədəfdən ayırır. Məqsəd “Gürcü Arzusu”nu hakimiyyətdən uzaqlaşdırmaqdırsa və rüşvətxor, oğru Kezeraşvilinin pulunu vasitə olaraq hesab edirsənsə, bundan heç nə alınmayacaq. “Gürcü Arzusu”nun hakimiyyətdən getməsini, hərçənd “Milli Hərəkat”ın gəlməməsini istəyənlərlə danışacağam”- deyə Aleko Elisaşvili açıqlayıb.
Gürcüstanın sabiq prezidenti Qiorqi Marqvelaşvili Vano Merabişvili və Qiorqi Qaxarianı misal çəkərək aksiyaları dağıdan siyasətçilərlə əyləşərək danışmaq niyətində olmadığını bildirib.