Aİ-nin Monitorinq Missiyası Erqnetidə keçirilən növbəti görüş barədə məlumat yayır
Aİ-nin Monitorinq Missiyası Erqnetidə İnsidentlərin Prevensiyası və Cavab Mexanizmi çərçivəsində, Erqnetidə keçirilən 106-cı görüş haqqında məlumat yayır.
Onların verdiyi məlumata görə, görüş Aİ-nin Monitorinq Missiyasının rəhbəri Marek Şçiqel və ATƏT-in sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Viorel Moşanunun birgə fasilitasiyası ilə keçirilib.
“Aİ-nin Monitorinq Missiyasının və ATƏT-in nümayəndələri iştirakçıların İnsidentlərin Prevensiyası və Cavab Mexanizmi görüşlərinə sadiqliyini yüksək qiymətləndirib və xüsusilə qarşıdan gələn Pasxa dövründə Aİ-nin Monitorinq Missiyasının qaynar xəttindən effektiv istifadənin vacibliyini vurğulayıblar. Səfir Şçikal növbəti günlərdə humanitar yanaşmadan istifadəyə dair çağırış edib və yerli əhaliyə, əsasən də dini obyektlərə və qəbiristanlıqlara girişə xüsusi diqqət yetirilməsini xahiş edib. Səfir Moşanu bütün tərəfləri münaqişə qurbanlarının üzləşdiyi problemləri azaltmaq üçün həll yolu tapmağa çağırıb, dialoq və praqmatizmin əhəmiyyətini vurğulayıb” – deyə məlumatda deyilir.
Avropa İttifaqının Monitorinq Missiyasının yaydığı press-relizdə də qeyd edildiyi kimi, “Görüş iştirakçıları inzibati sərhəd xəttində keçidlərin bağlanması və buna görə münaqişədən zərər çəkmiş əhalinin üzləşdiyi nəticələri müzakirə ediblər”.
“Bununla əlaqədar görüşün həmfasilitatorları Odzisi keçid məntəqəsinin 2,5 ildir ki, bağlı olduğunu vurğulayaraq, yenidən onun açılmasını tələb ediblər. Üstəlik, həmfasilitatorlar çoxlu sayda aktiv saxlanılma hallarından narahat olduqlarını ifadə edərək , humanitar yanaşma yolu ilə həll yolunu tapmağa çağırıblar” – deyə məlumatda yazılıb.
Görüşdə həmçinin təhlükəsizlik baxımından inzibati sərhəd xəttində inkişaf edən ən son hadisələr, o cümlədən “borderizasiya” halları və Çorçana-Tsnelisi məsələsi müzakirə edilib.
Press-relizdə bildirilir ki, kənd təsərrüfatı mövsümünün yaxınlaşmasını nəzərə alaraq, bütün iştirakçılar İnsidentlərin Prevensiyası və Cavab Mexanizmi formatı və Aİ-nin qaynar xəttindən istifadə etməklə dialoqun gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Bununla əlaqədar iştirakçılar aprelin sonunda suvarma məsələlərinə dair texniki görüşün keçirilməsi barədə razılığa gəliblər.
İştirakçıların razılığı ilə növbəti görüş iyunun 7-də keçiriləcək.